"Azərsu" ASC Abşeron yarımadasının bəzi yaşayış məntəqələrində formalaşan tullantı suların Pirşağı tullantı sutəmizləyici qurğusuna ötürülməsini təmin etmək məqsədilə daşıyıcı kanalizasiya kollektorlarının tikintisini davam etdirir.
Bizim.Media bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, hazırda 2 istiqamətdə kollektorun tikintisi intensiv qaydada davam etdirilir.
Layihəyə əsasən, hazırda Zabrat-Kürdəxanı-Pirşağı, həmçinin dənizin sahili boyu 2 istiqamətdə kollektorlar inşa olunur. Zabrat, Kürdəxanı və Pirşağı qəsəbələrində formalaşan tullantı sularının toplanaraq təmizləyici qurğuya nəqli məqsədilə 1 400 mm diametrli dəmir-beton borularla 4 km uzunluğunda kollektorun tikintisi üzrə işlərin 40 %-i icra olunub. Hazırda kollektorun Pirşağı dəmir yolu stansiyası yaxınlığında dəmir və magistral avtomobil yolu ilə kəsişmədə ümumi uzunluğu 2 km olan tunel inşa edilir. Tunellərin tikintisi xüsusi tunelqazan maşınlar vasitəsilə həyata keçirilir. Bu məqsədlə kollektorun trassası boyu 16 nöqtədə müxtəlif dərinliklərdə qazılmış şaxtalardan istifadə edilir.
İndiyə qədər 400 metr uzunluğunda tunel inşa olunub və bu sahədə işlər cari ilin sonunadək başa çatdırılacaq.
Uzunluğu 1,8 km olan digər kollektor isə Pirşağı çimərliyi ərazisində dənizin sahili boyu tikilir. Bu kollektor çimərlik ərazisində olan obyektlərin və fərdi evlərin tullantı sularını təmizləyici qurğuya ötürəcək. Gələcəkdə kanalizasiya şəbəkələrinin kollektorlara çıxışını təmin etmək məqsədi ilə 68 nöqtədə baxış quyusunun inşası layihələndirilib.
Azərbaycan hökuməti və Cənubi Koreyanın İxrac-İdxal Bankının birgə həyata keçirdiyi layihə çərçivəsində inşa edilən Pirşağı tullantı sutəmizləyici qurğusu Abşeron yarımadasının şimal-şərq hissəsində böyük ərazidə yaranan tullantı sularının birbaşa Xəzər dənizinə axıdılmasının qarşısını almağa imkan verəcək.
Məhsuldarlığı sutkada 40 min kubmetr olan bioloji tipli qurğuda Novxanı, Mehdiabad, Goradil, Fatmayi, Kürdəxanı, Pirşağı, Məhəmmədi, Digah, Zabrat, Maştağa və Nardaran qəsəbələrinin bəzi ərazilərində yaranan tullantı suları təmizlənərək kənarlaşdırılacaq.
Bu qəsəbələrdə formalaşan tullantı sularının təmizləyici qurğuya nəqli məqsədilə gələcəkdə əlavə daşıyıcı kollektorların inşası davam etdiriləcək.
Xəzər dənizinin ekoloji sabitliyinin qorunması məqsədilə Pirşağı tullantı sutəmizləyici qurğusunda təmizlənmiş suların dənizin nisbətən dərin hissəsinə axıdılmasını təmin etmək üçün 1 700 metr uzunluğunda daşıyıcı xətt inşa edilib.
Bizim.Media