Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev Milli Məclisin deputatlarına və ictimaiyyətə müraciət edib.
Moderator.az-a göndərilən müraciətdə deyilir:
Milli Məclisin
“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna əlavə və
dəyişikliklər edilməsi haqqında qanun layihəsi Azərbaycan Respublikasının
mövcud qanunvericiliyinə zidd olduğuna görə qəbul edilə bilməz. Belə ki,
Qanunun 6-cı maddəsinin birinci hissəsinin (doğum haqqında şəhadətnamənin
vətəndaşlığı təsdiq edən sənəd olması) ləğv edilməsi əsaslandırılmalıdır.
Çünki təcrübəsini öyrəndiyimiz bütün ölkələrin
qanunvericiliyində doğum haqqında şəhadətnamə uşağın vətəndaşlığını
təsdiq edən sənəd kimi göstərilir.
Vətəndaşlığını təsdiq edən sənədlərin siyahısından doğum haqqında şəhadətnamənin çıxarılması məntiqə
və hüquqa söykənmir. Bu bənd ləğv edilərsə, şəxsiyyət vəsiqəsi verən bütün polis və ASAN xidmət əməkdaşları xaricdə doğulan və
ya valideynlərindən biri əcnəbi olan uşaqların vətəndaşlıq mənsubiyyəti
haqqında Dövlət Miqrasiya Xidmətindən arayış tələb edəcəklər. Bu da öz
növbəsində məmur özbaşınalığını inkişaf etdirəcək, Miqrasiya Xidmətinin
qarşısındakı növbələrin sayını bir neçə artıracaq, vətəndaşların sənədləşdirilməsində əsasız süründürməçilik hallarını dəfələrlə
artıracaq. Bu dəyişiklikdən 300 000 çox ailə zərər çəkəcək.
Qanunun 10-cu maddəsinə əlavə olunması nəzərdə tutulan: “Xarici
dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay
müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat
verməlidir” vəzifəsinin vətəndaşın
üzərinə qoyulması yolverilməzdir.
Üstəlik, belə məlumatı verməyən şəxslərə Azərbaycan Respublikasının
Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət ” müəyyən olunması
dövlətin öz vəzifəsini vətəndaşın üzərinə qoyulması kimi qiymətləndirilməlidir.
Bəzi dövlətlərin vətəndaşlıq haqqında qanunları həmin ölkənin vətəndaşları ilə
nikaha daxil olan şəxsləri öz vətəndaşı kimi tanıyır və ya həmin şəxslərə
sadələşdirilmiş qaydada öz vətəndaşlığını verir. Hər il minlərlə AR vətəndaşı
ailə birləşməsi proqramları çərçivəsində
başqa ölkələrin vətəndaşlıqlarını əldə edirlər. Bu maddənin qəbul ediləcəyi halda 100 000
nəfərə kimi insan bu normanın acısını yaşamalı olacaq.
Layihənin 12- ci maddəsində nəzərdə tutulan dəyişiklik
(təqdim olunan layihəyə ğörə “Azərbaycan Respublikasının ərazisində
doğulmuş və hər iki valideyni əcnəbi olan uşaq Azərbaycan Respublikasının
vətəndaşı hesab edilmir. Azərbaycan Respublikasının ərazisində doğulmuş və
valideynlərindən biri əcnəbi, digəri isə vətəndaşlığı olmayan şəxs olan uşaq
Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir”)
isə Azərbaycan Respublikasının
Konstitusiyasının 52-ci maddəsi,
Normativ hüquqi aktlar haqqında Konstitusiya qanununun 5-ci maddəsi və
Vətəndaşlıq Haqqında Qanunun 1-ci
maddəsi ilə ziddiyyət təşkil edir. Konstitusiyanın 52 ”“ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində və ya
Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan
Respublikasının vətəndaşıdır. 52 ”“ci maddə eyni zamanda valideynlərindən
biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxsi Azərbaycan Respublikasının
vətəndaş hesab edir. Vətəndaşlıq haqqında qanunun 1-ci maddəsi də qeyd olunan
şəxsləri qeyri-şərtsiz AR vətəndaşı kimi tanıyır. Bu dəyişiklik ediləcəyi halda da 200 000
nəfərdən çox şəxs bu problemlərin qurbanına çevriləcək.
Qanunun 18-ci maddəsinə təklif olunan dəyişiklik Azərbaycanın qoşulduğu beynəlxalq sənədlərə, Normativ Hüquqi Aktlar haqqında Konstitusiya qanununa tam ziddir və xüsusi siyasi məqsədlərə hesablanmışdır. Təqdim olunan dəyişikliyin birinci bəndində nəzərdə tutulan əsas əslində Azərbaycan Respublikasının vətəndaşlığı haqqında qanunu ilə deyil, şəxsin vətəndaşlığını qəbul etdiyi ölkənin qanunu ilə tənzimlənməlidir. Məsələn, Almaniya və ya Rusiya Federasiyası o şəxsi öz vətəndaşlığına qəbul edir ki, həmin şəxs öz ölkəsinin vətəndaşlığından çıxması haqqında müvafiq sənəd təqdim etmiş olsun.
İkinci bənddə nəzərdə
tutulan “Azərbaycan Respublikası
vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı
qüvvələrində və ya digər silahlı birləşmələrində könülü xidmət etməsi” halları
isə vətəndaşlığın itirilməsinə səbəb ola bilməz. Fikrimizcə bu məsələlər şəxsi müəyyən siyasi hüquqlardan
məhrum edə bilər və ya qanunla müəyyən edilmiş digər nəticələrə səbəb ola
bilər. (seçkili vəzifələrin tutulması, cinayət məsuliyyətinə cəlb olunması və
s.).
Çünki, Konstitusiyasının 53-cü maddəsinin I hissəsinə görə, Azərbaycan
Respublikasının vətəndaşı heç bir halda vətəndaşlığından məhrum edilə
bilməz.
Qeyd olunan hal isə əslində nəticəyə görə vətəndaşlıqdan məhrum
etmədir. Eyni zamanda bu bənd
Azərbaycanın qoşulduğu beynəlxalq sənədlərə konkret olaraq
“Vətəndaşsızlığın azaldılması haqqında”
BMT konvensiyasına ziddir. Bu bəndin
qanuna əlavə edilməsi xaricdə yaşayan minlərlə AR vətəndaşlarının yaşadıqları ölkələrə inteqrasiyasını
zəiflədəcək və onsuz da zəif olan diaspora fəaliyyətinə mənfi təsirini
göstərəcək.
Üçüncü bənddə göstərilən “Azərbaycan Respublikası vətəndaşının
dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı” da şəxsin
vətəndaşlığının itirilməsinə səbəb ola bilməz. Çünki bu hal birbaşa olaraq
şəxsin vətəndaşlığı olmayan şəxs vəziyyətinə salır bu da yuxarıda qeyd olunduğu
kimi yolverilməzdir. Ümumiyyətlə
törətdiyi cinayət əməlinə görə şəxsin vətəndaşlıqdan məhrum edilməsi
müasir təfəkkürə ziddir və SSRİ qanunlarının bərpasına rəvac verməkdir. Eyni
zamanda “təhlükəsizliyə ciddi zərər vuran davranış” həmdə qeyri müəyyən
bir anlayışdır və konkret bu hərəkətin nədə ifadə olunması məlum deyil. Siyasi hakimiyyət istədiyi zaman bu normanı
tətbiq edəcək və readmissiya sazişinin tətbiq olunmamağı üçün istənilən şəxsi
bu əsasla vətəndaşlıqdan məhrum edəcək.
Ümumiyyətlə hesab edirik ki, layihə
müəllifləri 18-ci maddəyə münasibətdə
konvensiyaya düzgün yanaşmayıblar. Belə ki, Vətəndaşsızlıq hallarının azaldılması haqqında
1961-ci il Konvensiyası[1] nın
məqsədi vətəndaşsızlıq halının qarşısını
almaqdan ibarətdir və bu sənədə görə
dövlət ərazisində doğulma və ya mənşəcə ona bağlı olma kimi amillərlə həmin
dövlətə bağlı olan və əks halda (vətəndaşlıq verilməyəcəyi halda) vətəndaşlığa
malik olmayacaq uşaqlara vətəndaşlıq verməlidir. Konvensiya dövlətlər arasında yarana biləcək
vətəndaşsızlıq problemlərinin həlli yollarını təklif edir, onu imzalamış
dövlətlərə vətəndaşlıq haqqında qanunvericilik qəbul etmələrini və orada
vətəndaşlığın əldə edilməsi və itirilməsi ilə əlaqədar yarana biləcək
vətəndaşsızlıq vəziyyətinə qarşı təminatları əks etdirməyi tövsiyə edir. layihə
müəllifləri isə qanunvericiliyi
konvensiyaya uyğunlaşdırmaqdansa, qanuna konvensiyaya uyğun olmayan daha mürtəce normalar təklif edir.
Konvensiyanın 5-ci və 7-ci maddələrinə görə vətəndaşlığın itirilməsini və ya
vətəndaşlıqdan imtina etməni o zaman
dövlət qəbul edə bilər ki, şəxs digər ölkənin vətəndaşlığına malik olsun və ya onu əldə edəcəyi haqqında müvafiq
sənədə malik olmuş olsun.
Konvensiyasının 7-ci maddəsinə görə razılığa gələn Dövlətin qanunu vətəndaşlıqdan
imtina etməyə icazə verirsə, belə imtina müvafiq şəxs başqa vətəndaşlıq əldə
etməyincə onun vətəndaşlığının itirilməsinə səbəb olmamalıdır. .
Təklif olunan dəyişikliklər eyni zamanda
Normativ-hüquqi aktlar haqqında
Konstitusiya qanununun 5 ci maddəsinə ziddir. Belə ki, həmin maddəyə görə normativ-hüquqi
aktlar Azərbaycan Respublikasının Konstitusiyasına və onlardan daha yüksək
hüquqi qüvvəsi olan başqa normativ-hüquqi aktlara uyğun olmalıdır.
Hesab edirik ki, bu qanun qəbulu mövcud qanunvericiliyə zidd
olmaqla yanaşı 1 000 000 yaxın insanın vəziyyətini
ağırlaşdıracaq, Azərbaycanda ailələri
dağılmasına, sənədsizlərin sayının artmasına, vətəndaşlığı olmayan şəxslərin
sayının artmasına səbəb olacaq, vətəndaşlarımızın başqa ölkəyə inteqrasiyasına
və diaspora işinə mənfi təsirini göstərəcək,
məmur özbaşınalığına rəvac
verəcək.
Bundan başqa bu
dəyişiklik vətəndaşlıqdan məhrum etmək
hədəsi ilə insanları siyasi hakimiyyətdən asılılığını artırmağa,
Azərbaycanın imzaladığı readmissiya sazişini icra etməməyə, Azərbaycanı tədricən qapalı ölkəyə
çevrilməsinə və yaxın gələcəkdə vətəndaşların
icazə olmadan ölkədən çıxmasına məhdudiyyət qoyulmasına, miqrasiya
sahəsində bütün səlahiyyətlərin bir quruma verilməsini təmin etməklə bu məsələlərə vahid mərkəzdən rəhbərliyin təmin
olunmasına xidmət edir.
Milli Məclisin bütün
deputatlarını bu layihəyə səs verməməyə, KİV-ləri isə bunu nəzarətdə saxlamağa
ictimaiyyəti isə buna etiraz etməyə çağırıram.
[1] Azərbaycan Respublikası 31 may 1996-cı ildə bu Konvensiyaya qoşulub.
































































































