Evlənmənin ŞƏRTLƏRİ ağırlaşa bilər – Nikah öncəsi PSİXOLOJİ TEST də keçirilsin?

Hazırda oxunan: Evlənmənin ŞƏRTLƏRİ ağırlaşa bilər – Nikah öncəsi PSİXOLOJİ TEST də keçirilsin?

46459

Nikah öncəsi cütlüklərin tibbi müayinəsi ilə yanaşı, psixoloji test edilməsi məsələsi yenidən gündəmə gəlib. Mütəxəssislərin fikrincə, ailə quracaq şəxslərin psixoloji testdən keçmələri boşanmaların sayının azalmasına səbəb olacaq. Çünki müəyyən psixoloji testlər vasitəsilə nikaha girəcək olan şəxslərin bir-birinə uyğun olub-olmadığı aydın olacaq.

Əslində bu məsələ ayrı-ayrı hüquq müdafiəçiləri və psixoloqlar tərəfindən zaman-zaman aktuallaşsa da, həlli istiqamətində yekdil nəticəyə gəlinməyib. 

Məlumat üçün bildirək ki, Azərbaycanda nikaha daxil olmaq istəyən cütlüklər 2015-ci il qüvvəyə minən qanunla tibbi müayinədən keçirlər.
 

MÖVZU İLƏ BAĞLI:

NİKAH MÜQAVİLƏSİ – Boşanma mübahisələrinə son qoya bilərmi?


Qanuna əsasən, müayinədən keçən cütlüklərin hər hansı bir xəstəlik daşıyıcısı olduğu aşkarlanarsa, bu barədə onlara məlumat verilir. Digər addıma isə cütlüklərin özləri qərar verməli olurlar. 

Nikah öncəsi psixoloji testdən keçmə qanuniləşə bilərmi? 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova hələ 10 il əvvəl sözügedən təkliflə çıxış etdiyini deyib:

“İllərdir deyirəm ki, boşanmaların əsas səbəbi tərəflərin bir-birinə psixoloji uyğun olmamasıdır. Bu, təkcə Azərbaycanda deyil, bütün dünyada belədir. Bizim mental münasibətlərimizdə ideal görünmək istəyi var. Əksər hallarda cütlüklər bir-birilə yeni tanış olarkən xasiyyətlərini, həyata baxış tərzini gizlədirlər.

Bu həm kişi, həm qadın cinsinə aiddir. Ailə qurulandan sonra tam fərqli insan obrazları üzə çıxır ki, bu da müəyyən konkliktləri gücləndirir. Beləliklə nəticə məhkəmə salonunda yekunlaşır. Hesab edirəm ki, insanların özlərini olduğu kimi təqdim etmələri üçün psixoloqlar daha yaxşı şərait yarada bilər. Bundan əlavə psixoloq şəxsin zorakılığa meyilli olması faktorunu da üzə çıxara bilər”.

Hüquq müdafiəçisinin sözlərinə görə əslində sözügedən təklifin qanuniləşməsi doğru deyil:
 

“Bu məsələ könüllü olmalıdır. Məcburi bir qədər qanuna ziddir. Əslində qanun kimisə zorla psixoloqa göndərə bilməz. O da var ki, könüllü qaydada da psixoloji testdən keçənlər çox az qism təşkil edəcək.


Ona qalsa nikah öncəsi tibbi müayinədən keçmək də könüllü olmalıdır, amma məcburidir. Çünki artıq ciddi problemlər var idi. Hər halda bu məsələ önəmlidir və çözümünə çalışmaq lazımdır”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin