Vəkillər Elton Quliyev, Əsabəli Mustafayev və Nemət Kərimli Bakı İstintaq Təcridxanasında saxlanan “Nida”çı məhbuslarla görüşüblər. Məlumatı “Media forum” saytına Əsabəli Mustafayev verib.
Vəkil qeyd edib ki, görüşün əsas məqsədi apellyasiya şikayətinin arqumentlərini gənclərlə birlikdə tərtib eləmək olub: “Məhkəmənin hökmünü almışıq. Gələn həftənin sonuna kimi apellyasiya şikayətini verməyi planlaşdırırıq. Gənclərin əhval-ruhiyyəsi yaxşı, səhhətləri normaldır. Gənclər apellyasiya çəkişməsinə hazırlaşır. Protokolla tanış olmaq üçün məhkəməyə müraciət ediblər”.
Ötən ilin mart-aprel aylarında tutulan “Nida”çılar əsasən kütləvi iğtişaşları təşkil etmə cəhdində təqsirli biliniblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 may hökmünə görə, gənclər Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı, İlkin Rüstəmzadə 2013-cü il martın 10-da Bakıda kütləvi aksiya zamanı “Molotov kokteyli”ndən istifadəyə hazırlaşırmışlar.
Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadəyə 8 il, Məmməd Əzizov, Rəşad Həsənova 7 il 6 ay, Bəxtiyar Quliyev, Üzeyir Məmmədliyə 7 il, Şahin Novruzluya 6 il azadlıqdan məhrumetmə cəzası verilib.






























































































