Metropolitendə YOXLAMA BİTDİ – İFŞA OLUNAN MƏQAMLAR

Hazırda oxunan: Metropolitendə YOXLAMA BİTDİ – İFŞA OLUNAN MƏQAMLAR

46411

Hesablama Palatası “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində (QSC) yoxlamalar aparıb. 

Yoxlamalar nəticəsində ciddi pozuntuların və nöqsanların olduğu bildirilir. 

Bununla bağlı Bizim.Media-ya danışan Hesablama Palatasının mətbuat katibi Nailə Məhərrəmovanın sözlərinə görə yoxlamalar artıq yekunlaşıb və Hesablama Palatasının Kollegiya iclasında müzakirəyə çıxarılandan sonra prosedura uyğun olaraq nəticələri ictimaiyyətə açıqlanacaq:
 

MÖVZU İLƏ BAĞLI:

Hesablama Palatasından Dövlət Sosial Müdafiə Fonduna İRAD – Xərclər izah edilməyib


“Həyata keçirilən audit yoxlamalardır və yaxın müddətdə nəticəsi açıqlanacaq.

Adətən audit başa çatandan və təsdiqlənəndən sonra dərhal açıqlanır. Ciddi nöqsanların olduğu barədə hər hansı məlumata sahib deyiləm”, - deyə qurum rəsmisi qeyd edib. 

Məlumat üçün bildirək ki, “Bakı Metropoliteni”ndə ən son 2016-cı ildə ciddi maliyyə pozuntuları aşkarlanıb. Belə ki, sərnişindaşımanın həcmi 2014-cü il üzrə 210,3 milyon nəfər, 2015-ci il üzrə 215,0 milyon nəfər təşkil edib.

Audit dövlət büdcəsindən ayrılmış subsidiyalarla birlikdə 2014-cü il üzrə 80,4 milyon manat, 2015-ci il üzrə 90,6 milyon manat, həmçinin cəlb edilmiş kreditresursu nəzərə alınmaqla dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu hesabına ayrılmış 602,0 milyon manat məbləğində vəsaiti əhatə edib.
 

Metropolitenlə sərnişindaşıma xidmətlərinin göstərilməsindən yaranan zərərin qismən ödənilməsi ilə əlaqədar köçürülmüş 2014-cü ildə 36,0 milyon manat, 2015-ci ildə 38,0 milyon manat subsidiya məbləğləri əmək haqqı və digər sosial təyinatlı xərclərin ödənilməsinə yönəldilib.


Auditlə müəyyən edilib ki, vergi qanunvericiliyinin tələbləri pozularaq kommersiya fəaliyyəti ilə bağlı olmayan müxtəlif xərclər ortaya çıxıb. Sərnişindaşıma xidmətləri üzrə bir gedişin daşınma xərci (maya dəyəri) maliyyə hesabatlarında 4,0-5,5 faiz aralığında (2015-ci ildə 0,54 manat) artıq göstərilib.

Eyni zamanda, qeyri-rezidentlərin gəlirlərinin vergilərə cəlb olunmamasına, hesablanmış ƏDV məbləğlərinin dövlət büdcəsinə ödənilməməsinə, eləcə də subsidiya məbləğlərinin bəyannamələrdə nəzərə alınmaması səbəbindən daha çox əlavə dəyər vergisinin məbləğlərinin əvəzləşdirilməsinə yol verilib.

İctimai vəkil Samir Zeynalovun saytımıza verdiyi məlumata görə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin dövlət qarşısında vergi borcu 13 milyon 12 min 412 manat 39 qəpikdir.

Bir həftə əvvəl həmin rəqəm 12 milyon 19 min 438 manat təşkil edib. 
 

Onu da bildirək ki, 2014-cü ildən “Bakı Metropoliteni” QSC-nin rəisi Zaur Hüseynovdur. Metro rəisi son vaxtlar övladlarına və xanımına məxsus bahalı avtomobilləri və adlarının baş hərfinə uyğun nömrələri ilə gündəmdədir.


Bu yaxınlarda Araşdırmaçı jurnalist Cavanşir Həsənli “Bakı Metropoliteni” QSC-nin rəisi Zaur Hüseynovun xaricdəki ailə biznesi haqda ilginc faktlar paylaşmışdı.

Bildirdiyinə görə, Zaur Hüseynovun Londonda yaşayan 28 yaşlı oğlu Həbib Hüseynzadə ötən il İngiltərədə böyük həcmdə yeni investisiya müqaviləsi imzalayıb. Oğlu tikinti və daşınmaz əmlak biznesi ilə məşğul olur, indiyədək Callington yaxınlığında Downgate-də böyük ərazini satın alaraq, çoxsaylı evlər tikib və satışa çıxarıb.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin