Hörüklərin FACİƏSİ – Sevil Qazıyeva ölümündən əvvəl qardaşına nə deyib? – ANBAAN TƏFƏRRÜAT – II YAZI

Hazırda oxunan: Hörüklərin FACİƏSİ – Sevil Qazıyeva ölümündən əvvəl qardaşına nə deyib? – ANBAAN TƏFƏRRÜAT – II YAZI

46402

Azərbaycan SSR-nin ilk qadın mexanizatoru, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR Ali Sovetinin deputatı Sevil Qazıyeva haqqında yazımızı davam etdiririk. Ötən yazımızda Sevil Qazıyevanın bacısı Sona Qazıyeva onun faciəli ölmü haqqında uşaqlıq yaddaşında qalan ən ağır məqamları oxucularımızla bölüşüb.

İkinci yazımızda isə qardaşı İbrahim Qazıyev də bacısı ilə bilikdə Bizim.Media-ya keçən günlərdəki sirli məqamları açıqlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Hörüklərin FACİƏSİ – Sevil Qazıyevanın ölümü sui-qəsd idimi? – Hadisənin ANBAAN TƏFƏRRÜATI


Ürəyində o müdhiş faciəni neçə illərdir qovrula-qovrula saxlayan 78 yaşlı İbrahim Qazıyevin sinəsi o qədər dolu idi ki, Sevilin adı çəkiləndə gözündən ixtiyarsız yaş süzülürdü: 

“Sevilin faciəsi yaşananda mən Moskva vilayətlərinin birində hərbi xidmətdə idim, 20 yaşım vardı. Sevil hadisədən təxminən bir ay əvvəl avqustun 15-də yanıma gəlmişdi. Sevil hərbi hissə rəhbərliyindən icazə aldı, biz şəhərdə gəzməyə çıxdıq, həm də bacı-qardaş dedik bir az dərdləşək. Birdən Sevil mənə dedi ki, tezliklə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Nikita Xruşşovun əmri ilə yüksək vəzifəyə təyin olunacaq. Lakin mənə tapşırdı ki, valideynlərimizə bir kəlmə də deməyim. Ancaq onun son sözləri məndə narahatlıq doğurdu.

Sevilin qardaşından son istəyi...

“İstəyirəm, pambıq yığımında mənim yanımda olasan. Hiss edirəm, mənə qarşı təhlükə ola bilər, icazə almışam, səni məzuniyyətə buraxacaqlar", - deyə o, mənə sakitcə dedi.

Lakin Sevil gedəndən sonra gözü qapıda, qulağı səsdə qalan İbrahim Qazıyevə heç kəs Bakıya getməsi haqqında bir kəlmə belə demir.  

Bir gün isə...

Söhbətin bu yerində İbrahim müəllim əllərini ağarmış saçlarının arasında gəzdirərək, dərindən bir ah çəkir. Sevilin ölüm xəbərini necə aldığını xatırlayır:
 

"Bir gün səhər tezdən bütün əsgərləri kluba yığdılar, mənə də dedilər ki, təzə paltar geyin. Mən ora gələndə gördüm komandirim, general ağlaylr. Səhnədə bacımın qara lentlə haşiyələnmiş şəklini gördüm.


Bu an başa düşdüm ki, Sevil artıq yoxdur. Çaşıb qalmışdım. Lakin məni sakitləşdirmək üçün general bildirdi ki, hələ həkimlər Sevilin ölümünü təsdiqləməyiblər. Qısası, məni təcili olaraq hərbi təyyarə ilə Bakıya yola saldılar”. 

Sevili “öldürdülər”...

Mehmanxanaya gətirilən İbrahim Qazıyevə əvvəlcə Beyləqana getməyə icazə verilmir. Səhər mehmanxananın qarşısında köşkdən qəzet alan bir rus qadının  bərkdən “öldürdülər” sözünü eşidən İbrahim Qazıyev qəzetdə Sevilin şəklini görəndə, məsələni anlayır və təkidlə Beyləqana getmək istəyir.
 

Sevilin yasını verib Moskvaya  qayıdan qardaşı bacısının qəfil və faciəli ölümü haqda yuxarı instansiyalara və mərkəzi hakimiyyətə şikayət etməyə başlayır. Sov.İKP Mərkəzi Komitəsinin birinci katibi Nikita Xruşşovun şəxsən qəbulunda olan İ.Qazıyev onunla söhbətini belə xatırlayır:


"Xruşşov Sevili çox istəyirdi. Hər zaman ona müraciət edən də “qızım” deyirdi. O mənə dedi ki, SSRİ Prokuroru R.A. Rudenkoya Sevilin ölümünü araşdırmaq üçün xüsusi tapşırıq verib. Sonradan mən Rudenko ilə də görüşdüm. O, mənə əminliklə bildirdi ki, işə xüsusi olaraq özü nəzarət edəcək. Mənim yanımda Rudenko Azərbaycanın o vaxtki 1-ci katibi Vəli Axundova da zəng vurdu".

Valideynləri Sevilin ölümünü araşdırılmasını istəyiblər...
 

Söhbətin bu yerində Sona xanım təkrar söhbətə qoşulur. Sevilin ölümündən sonra valideynlərilə Zaqataladan Bakıya şikayətə getmələrini belə xatırlayır. 


"Biz qaldığımız mehmanxanada hiss edirdik ki, bizi  izləyirlər. Atam dərhal bu barədə o zaman Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin birinci katibi olan Maqsud Əlizadəyə bildirdi. Katib dərhal mehmanxanada bizi qorumaq üçün xüsusi mühafizə dəstəsi yolladı. Səhəri gün biz Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vəli Axundovun qəbulunda olduq. Onun sözləri isə bizim Sevilin qəsdən öldürülməsi barədə olan şübhələrimizi daha da artırdı.

“Həmzət dayı, mən Sevili qızım kimi çox istəyirdim. Amma onu qorumağa gücüm çatmadı. Biz indi Sevili qaytara bilməyəcəyik. Mən sənin uşaqlarına nə kömək lazımdır, edəcəyəm”.

Xruşşovun ölümü, puç olan ümidlər...

Söhbət əsnasında məlum olur ki, Vəli Axundovla görüşdən sonra Qazıyevlər ailəsi Sevilin faciəli surətdə həlak olmasıilə bağlı etdiyi  şikayətlərinə ara verirlər. Üstəlik də Sov.İKP MK-nın birinci katibi N.Xruşşovun vəfatı ailənin ümidlərini puça çıxarır və ailə yenilikçi, novator, qızlarının acı taleyilə barışmalı olurlar.

Sevilin yolunu davam edən Sona Qazıyeva...

Düzdür, Sevilin vaxtsız ölümündən sonra ailəsi diqqətdən kənarda qalmır. Həm də Sona Qazıyeva Sevilin məzarı üstündə verdiyi sözə  əməl edir.
 

O, bacısının yolunu davam etdirməyə başlayır. O, qardaşı İbrahimlə Beləqan rayonunun Sevil Qazıyeva adına 5 nömrəli sovxozda komsomolçu-gənclər briqadasının briqadiri kimi işə başlayır. Sevilin yolunu layiqincə davam etdirən kiçik bacı pambıqyığan maşınla gündə 150-200 ton məhsul toplaya bilir.


Bir müddətdən sonra Zaqatala komsomoluna ikinci katib seçilən Sona daha sonra Ali Partiya Məktəbində də təhsil alır. Sonradan təsadüfən Beyləqanda Sevil Qazıyevanın muzeyinin açılışında savadlı çıxışı ilə o vaxtki birinci katib, 1991-ci ilin 20 noyabrında Qarakənddə dəhşətli təyyarə qazasında həlak olan Məhəmməd Əsədovun diqqətini cəlb edir və onun təklifilə Beyləqan rayon partiya komitəsinə katib təyin olunur. 

Sevil Qazıyevanın müəmmalı ölmü isə öz sirr pərdəsini hələ də üzərindən götürməmiş qalır. Bu işdə kimin əlinin olması haqda isə heç bir istintaq işində kiçik də olsun qeyd keçmir...

Araşdırmamız davam edəcək.

QEYD: Material Media Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 6 - cı Maliyyə yardımının göstərilməsi müddəasının  6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması - bəndinə uyğun olaraq hazırlanıb.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin