“Azəriqaz” İB Mina Mirzəyevanın Gəncə Qaz İstismarı Sahəsinin rəisi Rauf Qasımovla bağlı irəli sürdüyü ittihamla bağlı açıqlama yayıb. Moderator.az-a daxil olan açıqlamada deyilir:
“Son vaxtlar bəzi kütləvi informasiya vasitələrində ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyinin Gəncə Qaz İstismarı Sahəsinin (QİS) 9 saylı Yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinin keçmiş işçisi Mina Mirzəyevaya istinadən həmin Sahənin rəisi Rauf Qasımov haqqında böhtan dolu videomateriallar yayılmaqdadır. Bununla əlaqədar “Azəriqaz” İB bildirir ki, Gəncə QİS-də qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsində işləmiş M.Mirzəyeva ilə bağlanmış əmək müqaviləsinə Gəncə QİS-in 18.07.2013-cü il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (işçinin təşəbbüsü ilə) xitam verilmişdir. Yəni M.Mirzəyeva tutduğu peşədən öz ərizəsinə əsasən azad edilmişdir.
M.Mirzəyevanın bir çox instansiyalara ünvanladığı müraciətlərin hamısı ətraflı araşdırılmış və məlum olmuşdur ki, o, heç vaxt Gəncə QİS rəhbərliyinin, o cümlədən sahə rəisi, rəis müavini və baş mühəndisin qəbulunda olmamış, yalnız işlədiyi xidmət əməkdaşlarının iştirakı ilə QİS rəhbərliyinin yanında keçirilən iclaslarda olmuşdur. Bu isə M.Mirzəyevanın dediklərinin həqiqətəuyğun olmadığını və böhtan xarakteri daşıdığını göstərir.
Bundan əlavə, qeyd etmək lazımdır ki, M.Mirzəyeva heç də iddia etdiyi kimi nümunəvi işçi olmamışdır. Əksinə, əmək funksiyası üzrə öhdəliklərini layiqincə yerinə yetirmədiyinə görə 02.04.2012-ci il tarixində ona sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. Lakin bundan heç bir nəticə çıxarmayan M.Mirzəyeva 29.05.2013-cü il tarixdə özbaşına, heç bir üzrlü səbəb olmadan xidmət göstərdiyi ərazini tərk etməklə müəssisədaxili intizam qaydalarının tələblərini kobud şəkildə pozmuş və ona yenidən sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir.
Onu da bildiririk ki, R.Qasımov tərəfindən ona guya ki, əxlaqsız təklif olunduğunu iddia edən M.Mirzəyeva işlədiyi müddət ərzində heç vaxt bu barədə yuxarı rəhbərliyə və hüquq-mühafizə orqanlarına müraciət etməmişdir. Yalnız işdən çıxdıqdan sonra yenidən işinə qayıtmaq barədə etdiyi müraciətlər təmin olunmadıqda qarayaxma kampaniyasına başlamış və müxtəlif instansiyalara müraciətlər ünvanlamışdır. Bu faktın özü də M.Mirzəyevanın şantaj və böhtan yolunu seçdiyinə daha bir sübutdur.
Qeyd edək ki, R.Qasımov tərəfindən şərəf və ləyaqətinin, işgüzar nüfuzunun müdafiəsi tələbi ilə Gəncə şəhər Kəpəz rayon məhkəməsinə müraciət olunmuşdur. İşə məhkəmədə baxılır”.
































































































