Prezidentlə xanımı Rasim Əliyevin vəfatı ilə bağlı nekroloq imzaladı

Hazırda oxunan: Prezidentlə xanımı Rasim Əliyevin vəfatı ilə bağlı nekroloq imzaladı

45968

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Rasim Həsən oğlu Əliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar.

Bizim.Media xəbər verir ki, nekroloqda Azərbaycan mədəniyyətinə ağır itki üz verdiyi qeyd olunub.

“Müasir Azərbaycan memarlıq məktəbinin tanınmış nümayəndəsi, Dövlət mükafatı laureatı, Əməkdar memar Rasim Həsən oğlu Əliyev 2021-ci il noyabrın 13-də ömrünün 88-ci ilində vəfat etmişdir.
 

MÖVZU İLƏ BAĞLI:

Mədəniyyət Nazirliyindən Rasim Əliyevin vəfatı ilə bağlı nekroloq


Rasim Əliyev həyatını quruculuq işlərinə sərf edərək Azərbaycanda şəhərsalma, tikinti və memarlıq sahəsinin inkişafına layiqli töhfələr vermişdir. O, Bakının, eləcə də respublikanın digər şəhərlərinin planlaşdırılması və tikintisinə dair çox sayda layihənin müəllifi olmuşdur.

İçərişəhərin regenerasiya planı da bilavasitə onun başçılığı ilə hazırlanmışdır. Ölkə miqyasında bir sıra obyektlərin layihələndirilməsi işinə rəhbərlik edən Rasim Əliyev özünün yüksək peşəkarlığı, təşəbbüskarlığı və əməksevərliyi sayəsində həmin layihələrin uğurla həyata keçirilməsində təqdirəlayiq fəaliyyət göstərmişdir.
 

Heydər Əliyev adına Bakı Beynəlxalq və Naxçıvan hava limanlarının, Bakı Metropoliteninin bir neçə stansiyasının və bir çox xatirə abidələrinin işlənib hazırlanmasında onun əvəzsiz xidmətləri vardır. 


Sənətkarın layihələndirdiyi bütün bu memarlıq nümunələri özünün maraqlı həcm-məkan kompozisiyası və monumentallığı ilə səciyyələnir. Rasim Əliyev zəngin irsi ilə memarların gənc nəslinin bədii-estetik zövqünün formalaşmasında və peşəkarlığının təşəkkülündə mühüm rol oynamışdır.

Rasim Əliyevin ölkəmizdə memarlığın inkişafında xidmətləri və şəhərsalma sahəsindəki uzunmüddətli səmərəli fəaliyyəti yüksək qiymətləndirilmişdir.
 

O, 1979-cu ildə Əməkdar memar fəxri adını almış, 1982-ci ildə Dövlət mükafatına layiq görülmüş, 2000-ci ildə müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından olan “Şöhrət”, 2009-cu ildə “Şərəf” və 2014-cü ildə “İstiqlal” ordenləri ilə təltif edilmişdir.


Tanınmış memar, səmimi insan Rasim Həsən oğlu Əliyevin əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır. Allah rəhmət eləsin!”, - deyə nekroloqda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin