Məhkəmə Ekspertizası Mərkəzinin Psixoloji Ekspertiza Şöbəsinə son 10 ayda daxil olan işlərin 61 faizi boşanmadan sonra uşaqla ünsiyyət və uşağın valideynlərin birinin himayəsinə verilməsinə dair məsələ ilə bağlıdır.
Bizim.Media xəbər verir ki, Məhkəmə Ekspertiza Mərkəzinin Psixoloji Ekspertiza Şöbəsinin rəisi Vüsal Məmmədov İctimai TV-də yayımlanan “Qanundan kənar” proqramında qeyd edib ki, yaşlarına uyğun olaraq boşanma uşaqlara fərqli təsir bağışlayır.
MÖVZU İLƏ BAĞLI:
Ən qısqanc QADINLAR kimlərdir? – Bəs KİŞİLƏR...
Onun sözlərinə görə aparılmış psixoloji tədqiqatlara görə boşanma prosesi 5-6 yaşlı qız uşaqlarına və 8-10 yaşlı oğlanlara neqativ təsir göstərir:
“Ümumiyyətlə uşaqlar 9-10 yaşlarında boşanmanın nə olduğunu tam mənası ilə dərk edə bilirlər. Boşanma prosesinin ardından uşaq cəmiyyət tərəfindən boşanmış ailənin uşağı olaraq qəbul edilir. Həmin uşaqlar zərurət olduğu halda vaxtında psixoloji dəstək almasalar, əsəbilik, depressiya, təşviş, gec sosiallaşma, özünə inamın olmaması, güvənsizlik kimi problemlərlə qarşılaşırlar”.
Mütəxəssis əlavə edib ki, uşaqla bağlı çəkişmələr zamanı məhkəmələr azyaşlıların mənafelərinin qorunması üçün psixoloji ekspertizalar təyin edir, psixoloji durumlarının müəyyən edilməsi üçün müxtəlif metodlardan istifadə olunur.
Yekunda rəy tərtib edilərək aidiyyəti qurumlara göndərilir.
Məlumat üçün bildirək ki, 2020-ci ildə 35 min 348 nikaha daxilolma, 14 min 628 boşanma qeydə alınıb. 2021-ci ilin göstəricilərinə görə isə hər 3 nikaha 1 boşanma düşür.
Alçina Amilqızı, Bizim.Media