Dünyada koronavirusa yoluxanların sayı 253 milyon 200 mini keçib. Epidemiyada 5 milyon 104 mindən çox insan həyatını itirib. Yoluxmaların və ölüm sayının artması bir çox ölkəni yenidən tədbirlər görməyə məcbur edib. Artıq Avropanın bir çox ölkəsi koronavirusla bağlı karantin tədbirlərini sərtləşdirib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Norveç, Danimarka və Hollandiya koronavirusla bağlı tədbirlərini artıran ölkələr sırasındadır.
Hollandiyada 3 həftəlik qismən bağlanma olacaq. Bu ölkədə fəaliyyət göstərən kafe, restoran və supermarketlər saat 06:00-dan 20:00-dək, mağazalar və xidmət sahələri isə 06:00-dan 18:00-dək açıq qalacaq. İdman yarışlarına tamaşaçılar buraxılmayacaq.
MÖVZU İLƏ BAĞLI:
Noyabrda növbəti QAPANMA olacaq? - "Fəlakətli bir durum olsa..."
Avstriyada küçəyə çıxma məhdudiyyəti tətbiq olunacaq. Bazar ertəsi günündən etibarən Yuxarı Avstriya və Zalsburq əyalətlərində peyvəndi olmayanlara komendant saatı tətbiq ediləcək.
Norveç hökuməti isə artımla əlaqədar yeni tədbirlərin görüləcəyini açıqlayıb. Belə ki, peyvənd olunmayan tibb işçilərindən maska taxmaq və həftədə iki dəfə müayinədən keçmək tələb olunacaq.
İsveçin 6 rayonundan mərkəzə gələnlərə isə qadağa qoyulub.
Danimarkada peyvənd sertifikatının tələbi sərtləşdirilib. Tətbiqlə yoluxmaların artmasının qarşısının alınması hədəflənir.
Rusiyada peyvənd sertifikatı ilə bağlı qanun layihəsi parlamentin aşağı palatasına təqdim edilib.
Qanun layihəsi kafe, restoran, qatar və təyyarə xidmətindən istifadə edənlərdən peyvənd sertifikatının məcburi olmasını ehtiva edir.
Qanun layihəsi parlamentin aşağı və yuxarı palatası tərəfindən təsdiqlənərsə, prezident Putinin imzası ilə qüvvəyə minəcək.
Yaponiyada “Pfizer”in gücləndirici dozun tətbiqinə icaz verilib.
Azərbaycana gəlincə, son bir həftədə yoluxma və ölüm sayı artıb. Yoluxanlar hələ də sağalanları üstələyir. Gündəlik ölənlərin sayı 25-30 arasında dəyişir. Ölkədə yalnız yas mərasimlərinin keçirilməsinə qadağa var. Digər xidmət və fəaliyyət sahələri peyvənd pasportu tələbi ilə sərbəstdir. Toy, nişan və xınayaxtı mərasimlərinin keçilməsi ilə bağlı xüsusi qaydalar tətbiq olunub.
Dekabrda yoluxmaların artacağı və epidemioloji durumun gərginləşəyi ilə bağlı proqnozlar verilir. Qapanma ilə bağlı isə hər hansı söyləntilər yoxdur.
Alçina Amilqızı, Bizim.Media