“Döyüşə gedəndə anası ilə sağollaşa bilmədi” - Daha bir şəhidimizi tanıyaq! - FOTO

Hazırda oxunan: “Döyüşə gedəndə anası ilə sağollaşa bilmədi” - Daha bir şəhidimizi tanıyaq! - FOTO

4567

44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhid olan hərbçilərimizdən biri İbrahimov Atiq Ariz oğludur.

Atiq İbrahimov 1990-cı ildə anadan olub. 2008-ci ildə Mingəçevir Türk Liseyini bitirib və Türkiyənin Akdeniz və Ukraynanın Xarkov Beynəlxalq Universitetində təhsil alıb. Daha sonra Azərbaycana qayıdıb.

Hərbi xidmətini başa vurduqdan sonra “Azərişıq” ASC-nin “Mərkəzi Aran” Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) sahəsinə daxil olan Ağdaş ETSİ-nin enerji satışı şöbəsinin nəzarətçi mühəndisi kimi işləyib.

Şəhidin atası Ariz İbrahimov bildirib ki, oğlu müharibəyə könüllü yollanıb. Onun sözlərinə görə, sentyabrın 21-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən zəng edərək oğlunu komissarlığa dəvət ediblər.

"Atiqdən soruşanda dedi ki, qeydiyyat üçündür, gedəcəyəm. Orduya könüllü yazıldığını bizdən gizlətmişdi. Anası belə sağollaşa bilmədi. Tovuz hadisələrindən sonra Atiq həmişə müharibəni düşünürdü, elə hey “Vətən sağ olsun” deyirdi. Döyüşlər başlayan zaman arada bizə zəng edirdi. Həmişə deyirdi ki, bizim üçün dua edin".

Oktyabrın 15-də zəng edən zaman əhvalı yaxşı idi. Telefonda həmişə gülürdü. Dedi ki, yanımıza Mingəçevirdən oğlan gəlib, onun nömrəsinə zəng edə bilərsiniz. Xeyli danışdıq. Həmin vaxt Ağdərə istiqamətində idi və bildirdi ki, ermənilər 800 metr onlardan kənardırlar.

Dedim, qorxmursunuz, onlar yaxındadırlar. Oğlum güldü və dedi ki, "ata, onların gündüz hücum etməyə kişilikləri çatmır. Gülə-gülə dedi ki, oktyabrın 18-də gələcəyəm və evdə çiməcəyəm".

A.İbrahimov oğlunun oktyabrın 16-da şəhid olduğunu qeyd edib.

Şəhidin döyüş yoldaşı, qazi Samir Tacızadə isə bildirib ki, hərbi əməliyyata Ballıqayadan başlayıblar: "Cəbrayıl, Füzuli, Suqovuşan, Talış və Ağdərə istiqamətlərində döyüşmüşük. Biz həmişə ön cəbhədə olmuşuq. Atiq Ağdərədə şəhid oldu. Atiq bölük komandiri idi, orada doqquz nəfər idik. Səhər mənə dedi ki, "sən çıx kəşfiyyat cığırına müşahidəyə". Mən çıxandan beş dəqiqə keçməmiş onları minomyotla vurdular. Orada səkkiz nəfər idilər. Həmin vaxt yaralandım.

"Gecə ermənilər hücum etmək istəyən zaman Atiq deyirdi ki, "Samir, başlayaq?" Qışqıraraq, pulemyotdan 300-400 gülləni ermənilərin üstünə yağdırırdı. Sonra deyirdi ki, saydın? Dedim, yox. Zarafatla deyirdi ki, “Yekə kişisən, say da”. Sonra gülürdü, deyirdi ki, biz saymağa yox, ermənilərin kökünü kəsməyə gəlmişik".

Şəhidin anası Gülüş Ibrahimova oğluna noyabrda elçi getməyi düşünürdü. Onun sözlərinə görə, Atiqin sevdiyi xanım vardı: “Həmişə deyirdim ki, oğlum, bu il sənin toyunu edək? Deyirdi, "ermənilərdən torpaqlarımızı xilas edək, sən nə desən, onu edəcəm".

Bir gün mənə zəng etdi və hesab nömrəsi verdi. Dedi ki, maaşımdan 100 manat hesab nömrəsinə köçür. Oğlum kasıb ailəyə hər ay kömək edirmiş. İşıq borcunu ödəyə bilməyən abonentlərinin bəzilərinin pulunu ödəyirdi.

"Bir də dedi ki, bu həftə gələcəyəm. Paltarlarını yudum ki, oğlum gələcək. Oğlum gəldi, amma şəhid olaraq. Yoxluğuna dözə bilmirəm. Heç kimi incitməzdi, hamı onu çox istəyirdi. Onun dostu həyətimizdə Atiqin adına şəhid bulağı tikdirdi. Mən məhləyə düşəndə elə bilirəm ki, Atiq oradadır, bununla təsəlli tapıram”.

H.Zeynalabdin qəsəbə nümyəndəsi Lalə Hacıyev ilə əlaqə saxlamağa çalışsaq da , o telefonlara cavab vermədi. (Azvision) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin