Deputat Elmira Axundovanın seçicilərlə görüşündə ən çox qaldırılan məsələ ünvanlı sosial yardım olub.
Millət vəkili Elmira Axundova deputat seçildiiyi Masallı rayonunun Kalinovka və Təzəkənd ərazi nümayəndəliklərində kənd ağsaqqalları ilə görüş keçirib. O, bölgə üzrə ərizəçiləri qəbul edib, seçicilərin şikayət və təkliflərini dinləyib. Bəzi vətəndaşların müraciətləri araşdırılaraq yerindəcə həll edilib. Onların problemi ilə əlaqədar birbaşa müvafiq orqanlara müraciət olunub, digərlərinin ərizələri baxılması və icrası üçün deputat tərəfindən qəbul edilib. Bu tədbirlər çərçivəsində bir çox maraqlı məsələlərə də toxunulub. Bunlardan biri Masallıdakı hərbi şəhərcikdə məskunlaşmış 8 qaçqın ailəsinin mənzil problemi idi. Onlar qeyd ediblər ki, hərbi rəhbərlikdən onlara deyildiyinə görə, bir müddət sonra bu hərbi şəhərcikdə hərbçilərin ailələri yerləşdiriləcək. Belə olan halda bütün qaçqınlar mənzillərdən çıxarılacaq. Həm də yaşadıqları mənzillərin əksəriyyəti qəzalı vəziyyətdədir. Buna görə onlar mənzil probleminin tez bir zamanda həll edilməsini xahiş ediblər. Vətəndaşlar tərəfindən qeyd olunan digər məsələ kənd yerlərində bağçaların açılması oldu. Seçicilər bildiriblər ki, kənd yerlərində bağça yox dərəcəsindədir. Fəaliyyət göstərən bağçalarda isə yerlər o qədər məhduddur ki, 80-90 uşaq hər il növbədə qalır. Görüşdə ən çox qaldırılan məsələ ünvanlı sosial yardım olub. Şikayətçilərin 40-50 faizi bu məsələ ilə bağlı müraciət edib. Deputat isə təəssüflə bildirib ki, əhali sosial yardım sayəsində ələbaxımlılığa öyrənib: “Gərək əhali özü də işləməyə meylli olsun, hər kənddə bir neçə ailə birləşsin, birgə təsərrüfat yaratsın, birlikdə əkib becərsin. Bununla da sosial yardımdan asılılıq da aradan qalxmış olar”. Eyni zamanda, görüşdə tövsiyə olunub ki, ünvanlı sosial yardım əvəzinə uşaqlı ailələrə yetkinlik yaşına çatanadək uşaq pulunun verilməsi daha məqsədəuyğun olardı. Vətəndaşların qəbulu zamanı diqqət çəkən müraciətlərdən biri də I qrup xəstələrə qulluq edən ailə üzvlərinə xidmət haqqının verilməsi təklifi olub. Vətəndaşların bu müraciəti ilə deputat tam razı olduğunu və dəfələrlə bu məsələ ilə bağlı təklif verdiyini bildirib. Deputat bu məsələni yenidən gündəmə gətirəcəyinə söz verib: “Bir çox ölkələrdə, o cümlədən qonşu Rusiyada bu təcrübədən istifadə edərək I qrup əlillərə və ahıl insanlara qulluq edən ailə üzvlərinə müəyyən miqdarda xidmət haqqı dövlət tərəfindən ödənilir”.

























































































