Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə tanınmış jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin (Həşimov) və onunla birgə təqsirləndirilən Təvəkkül Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Proses başlanandan sonra iclas katibi məlumat verdi ki, T.Qurbanovun mənzilində axtarış aparılması zaman hal şahidi olmuş Sevda Aslanova xəstədir. Amma katib bu barədə məhkəməyə rəsmi məlumatın daxil olmadığını dedi. Eyni zamanda o, əvvəlki prosesdə ifadə vermiş Zaur Abdullayev təkrar ifadə vermək üçün məhkəməyə gəldiyini bildirdi. Şahidin təkrar didirilməsi ilə bağlı hakim də izahat verdi: “Zaur Abdullayev artıq prosesdə dindirilib. Həşimli və vəkilləri deyir ki, o, prosesə içkili gəlmişdi. Amma nən bunu hiss etmədim. Sonra orda-burda söz-söhbət olmasın ki, şahid içkili idi, biz onun təkrar ifadə verməsini təmin edirik”.
Şahid dindirilməyə dəvət edilməzdən əvvəl P.Həşimli məhkəməyə müraciətlə çıxış etdi: “Keçən dəfəki məhkəmə prosesindən sonra MTN-də mənə qarşı təzyiqlər daha da artıb. Məhkəmədə çıxışım zamanı onları tənqid etdiyim üçün mənə zülm edirlər. Gəzintiyə çıxmağıma icazə vermirlər. Müxtəlif bəhanələrlə mənə təzyiqlər edirlər. Məsələn, nəzarətçi gəlib deyir ki, kitablar stolun üstünə düzgün qoyulmayıb. Mənə əziyyət verirlər. Haqqımı tələb edəndə isə dərhal akt yazırlar ki, guya mən nəzarətçilərlə yola getmirəm. Bütün bunlarla bağlı mən Baş Prokurorluğa hələ 10 gün bundan əvvəl müraciət etmişəm. Amma cavab verilmir. Məcbur qalıb açlıq aksiyasına başladım. Məni MTN təcridxanasının rəisi qəbul etdi və söz verdi ki, valideyinlərimlə görüş veriləcək, digər şikayətlərimə də baxılacaq. Mən də aclığı dayandırdım. Möhtərəm hakim, sizə də dəfələrlə saxlanma şəraitimlə bağlı müraciət edirəm. Xahiş edirəm mənim MTN təcridxanasından başqa yerə köçürülməmlə bağlı xahişimi nəzərə alın”.
Hakim N.Kərimov bildirdi ki, o, hüququnun pozulduğunu hiss edirsə, yenə Baş Prokurorluğa müraciət edə bilər: “Bu sizin hüququnuzdur. Amma prokurorluq da “Vətəndaşların müraciətlərinə baxılması haqqında” 1997-ci ilə qəbul olunmuş qanuna uyğun olaraq bir ay müddətində müraciətinizə baxa bilər. Əgər müraciər cinayət tərkibli məsələ ilə bağlıdırsa, bu halda müraciət dərhal nəzarətə götürülür və daha tez müddətə vətəndaşa məlumat verilir. İkincisi də, deyirsiniz ki, məhkəmədki çıxışınıza görə, güya sizə təzyiq olur. Biz burada MTN əməkdaşı görməmişik. Onlar prosesdə baş verənləri hardan bilsinlər? MTN-də olan nizam-intizama da onlar özləri nəzarət edir. Kitabın harada və necə qoyulması onların işidir. Biz buna qarışa bilmərik”.
Daha sonra hakim, şahidin zala dəvət edilməsini tələb etdi. Şahid isə zala daxil olandan sonra, hakim onu suala tutdu.
Hakim: Abdulayev, bilirsiniz də nəyə görə təkrar ifadə verməyə dəvət edilmisiniz?
Zaur Abdullayev: Bəli, bilirəm.
Hakim: Hazırda içkili deyilsiniz ki? Müdafiə tərəfi keçən prosesdə sizin içkili olduğunuzu demişdi. Siz də demişdiniz ki, az içkiliyəm. Hərçənd ki, mən heç bunu hiss eləməmişdim.
Pərviz Həşimli: Möhtərəm hakim, etiraz edirəm. Siz şahidi yönlədirirsiniz. O elə şey deməmişdi.
Hakim: Həşimli, oturun! Mən sizə məhkəməyə hörmətsizlik etdiyiniz üçün xəbərdarlıq edirəm. Siz mənə məhkəməni necə aparmağımı öyrətmək istəyirsiniz?
Pərviz Həşimli: Axı siz yönləndirici sual verirsiniz.
Hakim: Dedim axı, outrun! Sizə xəbərdarlıq elan etmişəm.
Z.Abdullayev: Mən axşamdan içmişdım.
Pərviz Həşimli: Möhtərəm hakim, siz buna demədiniz ki, yeməyinizi yeyin sonra zala daxil olun. Bu adam yemək yeyə-yeyə zala girdi.
Hakim: Yox, mən belə demədim.
Z.Abdullayev: Yeyib-içməyi axşam eləmişdim, zala girəndə isə ağzımda saqqız var idi.
P.Həşimli: Arağın iyi bilinməsin deyə saqqızla gəlirdin?
Hakim: Həşimli, sakit olun! Prosesi aparmağa mane olmayın!
Hakimin P.Həşimli ilə sərt tonda danışığından sonra, Z.Qurbanov sərbəst ifadəsinə başladı. O , 17 sentyabr 2013-cü il tarixində axşam saatlarında iki nəfər MTN əməkdaşının dəvəti ilə könüllü şəkildə T.Qurbanovun maşınına baxış keçirilməsinə şahidliyə razılıq verdiyini və axtarş zamanı T.Qurbanovun maşının ön oturacağının altından çıxararaq MTN əməkdaşlarına 2800 ABŞ dolları təqdim etdiyini dedi. Şahid əlavə olaraq bildirdi ki, T.Qurbanov istintaqçılara bir ağ zərf də təqdim edib. Bu zərfdən isə yaxşı seçilməyən nəyinsə şəkli əks olunmuş kserosürətlər olub.
Daha sonra prokuror şahidə sual verərək, əskinasların nominalları, şəkillərdə nəyin əks olunması, axtarış aparılan avtomobilin markası ilə maraqlandı. O da əskinasların 100 dollarlıq olduğunu, şəkillərdə nəyin əks olunduğunu və avtomobilin markasını bilmədiyini dedi.
T.Qurbanovun vəkili isə adəti üzrə bütün şahdlərə ünvanladığı sualı bir daha səsləndirdi: “Siz ibtidai istintaqa verdiyiniz ifadəni tam şəkildə təsdiq edirsinizmi?”
Z.Abdullayev də “bəli” deməklə kifayətləndi.
Sonra P.Həşimlinin vəkili Bəhruz Bayramov şahidə suallar ünvanladı.
B.Bayramov: Siz latın qrafikalı Azərbaycan əlifbası ilə yazıb-oxuya bilirsinizmi?
Z.Abdullayev: Bir az, yəni pis oxuya bilirəm.
B.Bayramov: İfadənizin altında qeyd kiril əlifbası ilə edilib. O ifadəni siz yazmısınız?
Z.Abdullayev: Yox, özləri yazıb, mən də qol çəkmişəm.
Bu zaman B.Bayramov şahidin ifadəsini ona göstərərk, “buranı oxuya bilərsinizmi?” təklifini edəndə isə, hakim buna etiraz etdi: “Biz burada məhkəmə ekspertizası aparmarq. Şahid deyir ki, pis yazıb-oxumağı bacarır və biz də ona inanırıq.
B.Bayramov: Siz digər hal şahidi Orxan Məmmədzadəni tanıyırsınız?
Z.Abdullayev: Yox, mən onu görməmişəm.
B.Bayramov: Axı ötən prosesdəki ifadənizdə və ibtidai istintaqda ifadənizdə onu tanıdığınızı qeyd etmisiniz?
Z.Abdullayev: Mən onu görməmişəm, tanımıram. Ola bilər, hadisə yerində olub. Amma orada adam çox idi. Nə bilim Orxan hansıdır?
Daha sonra vəkilin xahişi ilə şahidin ibtidai istintaqa verdiyi ifadə elan edildi. O ifadəsində O.Məmmədzadə ilə birgə axtarşa hal şahidliyi etdiyini, o cümlədən T.Qurbanovun təqdim etdiyi zərfdə əntiq əşyaların şəkillərinin əks olunduğunu qeyd edib.
Şahidin dindirilməsi bitəndən sonra P.Həşimi şahid S.Aslanovanın prosesə məcburi gətirilməsi barədə şifahi vəsatət verdi: “Artıq 5-ci prosedir ki, şahid gəlmir və məhkəməyə də onun həqiqətən xəstə olması barədə məlumat verilmir. Onun gəlməməsinə görə məhkəmə prosesi uzanır”.
Hakim isə, 5 deyil, şahidin cəmi 3 prosesə gəlmədiyini dedi və onun xəstə olmasına dair növbəti prosesə kimi rəsmi məktubun məhkəməyə təqdim ediləcəyini bildirdi.
Daha sonra P.Həşimi növbəti prosesdə təkrar vəsatətlərinin olacağını dedi. P.Həşimli bildirdi ki, T.Qurbanova güya silah vermiş Hüseyn adlı iranlının dövlət sərhədindən keçməsi ilə bağlı foto şəkilinin müvafiq orqanlardan alınaraq məhkəməyə təqdim edilməsi barədə dəfələrlə vəsatət verib və bu vəsatəti təkrarlamaq fikrindədir.
“Vəkillərim Dövlət Sərhəd Xidmətinə 2013-cü il senytabrın 17-də sərhəd pozucusunun qeydə alınıb-alınmaması ilə bağlı sorğu veriblər. Bu sorğuya cavab verilməyib. Atam İranın Azərbaycandakı səfirliyində olub və onlardan xahiş edib ki, İran tərəfindən həmin gün sərhəd pozucusunun qeydə alınıb-alınmaması ilə bağlı məlumat alsın. Səfirlikdən də rəsmi qaydada bəyan ediblər ki, sərhəd pozucusu olmayıb. Həm də istintaq materiallarına görə, bu adam atla Yardımlı dağlarından sərhədi keçməyib. Təvəkkül ifadəsində qeyd edib ki, o adam İran dövlət nömrə qeydiyatlı avtomobillə sərhədi keçib. Demək, onun şəkli və vidogörüntüsü var. İstintaq isə qanunsuz olaraq bu şəxsin şəxsiyyətinin aydınlaşdırılmasının mümkün olmadığını yazır. Niyə? - deyə P.Həşimli qeyd etdi.
Hakim isə P.Həşimlinin hüquqi savadsızlıqda ittiham edərək, məsələ ilə bağlı ayrı cinayət işinin başlandığını dedi. Habelə o, P.Həşimlinin vəsatət vermək hüququnun olduğunu bildirdi: “Sizin təkrar vəsatələ müraciət etmək hüququnuz var və məhkəmə də zəruriət görsə, bu vəsatətlərə baxacaq. Amma unutmayın ki, məhkəmənin işi sübut əldə etmək deyil, məhkəmə cinayət işi ilə bağlı təqdim edilən sübutları araşdırır. Əgər sizin də sübutunuz varsa, təqim edin, araşdıraq”.
Bu zaman isə B.Bayramov bildirdi ki, əgər məhkəmə həqiqətən işin obyektiv araşdırlmasını istəyirsə, P.Həşimlinin evində axtarış aparılan zaman təhlükəsizlik kamerasının götürülümüş yaddaş kartı məhkəməyə təqdim olunmalıdır: “MTN o kartı bizə vermir. Amma kart burada olsa, biz Həşimlinin silah-sursatı evinə gətirib qoyubsa, bunu görə bilərik. Pərviz Həşimlinin güya Təvəkkül Qurbanova verdiyi 2800 dollar pulun üzərində əl-barmaq izlərinin müəyyənləşdirilməsi ilə bağlı ekspertizanın keçirilməsinə dair vəsatəti də təmin etmədiniz. Silahların hansı ölkənin və qurumun sifarişi ilə istehsal ediməsi barədə də vəsatət rədd edildi”.
Hakim isə, bir daha tərəflərin təkrar-təkrar, eyni vəsatətlər vermək hüququnun olduğunu deyərək prosesi aprelin 24-ü saat 11.30-da qədər təxirə saldı.
Qeyd edək ki, prosesdə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin əməkdaşları da iştirak edirdi.
Xatırladaq ki, Pərviz Həşimli və Təvəkkül Qurbanov 2013-cü il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatla saxlanılıblar. Onlara qarşı odlu silahın və döyüş sursatının qaçaqmalçılığı və odlu silah saxlama maddələri ilə ittiham irəli sürülüb. Pərviz Həşimli ittihamları qəbul etmir, T.Qurbanovun MTN-in adamı olduğunu deyərək, onun vasitəsilə şərləndiyini və siyasi sifarişlə, saxta ittihamla həbs edildiyini bəyan edir. «Amnesty İnternational» təşkilatı Pərviz Həşimlini “vicdan məhbusu” kimi tanıyıb.
Bizimyol.info
Bizimyol.info
































































































