Vüqar Səfərli və Əli Həsənov ifşa edildi – Məhkəmədə inanılmaz fırıldaqları üzə çıxdı

Hazırda oxunan: Vüqar Səfərli və Əli Həsənov ifşa edildi – Məhkəmədə inanılmaz fırıldaqları üzə çıxdı

44519

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, həmçinin KİVDF-nin işçiləri Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş tərəf kimi tanınan Media İnkişaf Fondu mülki iddia verib.
 

Onlar mülki iddia ərizələrində dəymiş ziyanla bağlı 18 milyon manata yaxın məbləğin təqsirləndirilən şəxslərdən alınaraq Media İnkişaf Fondunun xeyrinə ödənilməsini istəyiblər.


Daha sonra ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda mühasib işləmiş Təhminə Yaqubova ifadə verib.

Daha sonra Təhminə Yaqubovanın ifadəsində ziddiyyətlər olduğundan istintaqda verdiyi ifadəsi elan edilib. O, istintaqa verdiyi ifadəsində KİVDF-də jurnalistlərin mükafatlandırılması üçün keçirilən tədbirlərdə qonaq sayının şişirdilməsi, tenderlər keçirilən zaman kimlərin qalib olması, Vüqar Səfərlinin xanımının adına olan qəzetə vəsait ayrılması barədə ətraflı və detallı şəkildə danışıb.

Təhminə Yaqubova həmçinin jurnalist olmadığı halda ona verilən mənzil barədə də sualları cavablandırıb. Təhminə Yaqubova qeyd edib ki, Vüqar Səfərli onun ailə vəziyyətini, yaxınlarını itirməsini nəzərə alaraq ona mənzil verib.

Təhminə Yaqubova elan olunan bu ifadə ilə razılaşmayıb. Qeyd edib ki, istintaq zamanı iki dəfə ifadə verib. Bildirib ki, birinci ifadəsini oxusa da, ikincini oxumayıb.

Təhminə Yaqubovanın sözlərinə görə, jurnalistlər üçün keçirilən tədbirlərdə iştirak edənlər barədə məlumatı olmadığı halda qonaqların sayı ilə bağlı dəqiq rəqəm deməsi mümkün deyil: "Yazılıb ki, mən 450 qonaq yazıldığı halda 250 nəfərin iştirak etdiyini demişəm. Mən tədbirdə kimlərin iştirak etdiyini bilmirdim. Mənə sadəcə say deyilirdi, qeyd edirdim. Həmçinin Vüqar Səfərlinin xanımının adına olan qəzetə pul ayrılması ilə bağlı "Vüqar Səfərli həmin qəzetə vəsait ayırmağa nail olmuşdu" kimi ifadə də səsləndirməmişəm. İkinci ifadə yazılanda dedilər ki, birinci ifadədir, imzala. Mən də imzaladım”.
 

MÖVZU İLƏ BAĞLI:

Vüqar Səfərlinin məhkəməsində Əli Həsənovla bağlı vəsatət


Prokuror qeyd edib ki, Təhminə Yaqubova istintaqda verdiyi birinci ifadəsini oxuduğunu etiraf edib. Prokuror bildirib ki, elə məhkəmədə elan edilən ifadə Təhminə Yaqubovanın birinci verdiyi ifadəsidir.

Təhminə Yaqubova bu haqda başqa heç nə deyə bilməyəcəyini söyləyib.

Daha sonra təqsirləndirilən Dünyamin İsmayılov ifadə verib. O bildirib ki, uzun müddət tikinti sahəsində çalışıb:

“10 ilə yaxın Milli Təhlükəsizlik Nazirliyində Tikinti İdarəsində mülki işçi kimi çalışmışam. Daha sonra Nazirlər Kabineti tərəfindən nazirlikdə xadiməçilərdən başqa mülki işçilərin çalışmasına qadağa qoydular. İşdən çıxdım. Bir müddət işsiz qaldım”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2014-cü ildə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına  Dövlət Dəstək Fondunda  çalışmağa başlayıb: “Həmin vaxt fondun rəhbəri Vüqar Səfərli ilə görüşdüm və Fondun Tikintiyə Nəzarət şöbəsində çalışmağa başladım. Mən işə gələn zaman artıq jurnalistlərin ikinci binasının yarısı tikilmişdi”.

Dünyamin İsmayılov deyib ki, birinci binanın birinci mərtəbəsində ona ofis verilib:

“Vəzifəm tikintiyə nəzarət etmək, görülən işlərlə bağlı sənədləri tərtib etmək idi. Bütün dövlət qurumları ilə yazışmaları həyata keçirmişən. Bundan başqa bütün dövlət qurumları ilə yazışmaları, texniki şərtləri almışam. Hər ayın axırında Vüqar Səfərliyə məruzə edirdim. Binanın dövlət qurumlarına gedən sənədlərini özüm apararaq imzaladım, rəy alırdım. İkinci və üçüncü binalarda bütün forma ikilərini mən qəbul etmişəm”.
 

Dünyamin İsmayılov ifadəsində ziddiyyət olduğundan istintaqa verdiyi ifadə elan olunub. O istintaqa ifadəsində bildirib ki, binanin tikintisi aparan şirkət əslində Əli Həsənova məxsus olub:


“Nadir Məmmədov formal olaraq orada direktor olub. 3-cü binanın tikintisi zamanı Nadir Məmmədov binanın direktorluğundan çıxarılıb, onun yerinə Əli Həsənovun qohumu Ədalət Vəliyev gəldi. Lakin o işi bacarmadığından yenidən Nadir Məmmədov şirkətə direktor təyin edildi. İkinci və üçüncü binanın tikintisi zamanı mən xeyli sayda binadan nöqsanlar aşkarladım.

Bunla bağlı rəhbərliyə məlumat verdim. Əli müəllim də 3-cü binanın tikilişi zamanı həftədə bir dəfə binaya gəlirdi. İşlərin gedişatı ilə maraqlanırdı. Mən o zaman nöqsanlarla bağlı Nadir Məmmədovdan Əli Həsənova şikayət etdim. O da Nadir Məmmədova öz tapşırıqlarını verdi. Binada nöqsanlar var idi. Binada istifadə olunacaq materiallar brend mallar qeyd olunsa da, Çin istehsalı mallarından istifadə olunmuşdu.

Bundan başqa layihədə pəncərə altlıqların mərmərdən göstərsək də, plasitkdən vurulmuşdu. Divarların parça aboydan vurulması nəzərdə tutulsa da, kağız aboydan istifadə olunmuşdu. Bunlarla bağlı etirazımı Vüqar Səfərliyə bildirmişdim. O da mənə binada görülən işlərin Əli Həsənovun  nəzarət etdiyini, bu cür işlərə qarışmamağı tapşırmışdı”.

Dünyamin İsmayılov istintaqda bu cür ifadə vermədiyini deyib. Bildirib ki, istintaqda bir dəfə də olsun Əli Həsənovun adını çəkməyib.

Növbəti proses noyabrın 4-də davam edəcək.
 

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində olan cinayət işinin istintaqı yekunlaşdırılıb.


İttihama görə, aparılmış istintaq tədbirləri ilə Fondun sabiq icraçı direktoru Vüqar Səfərlinin müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət satınalmalarına dair qanunvericiliyin tələblərinin pozulması, dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi, tikinti normalarına əməl olunmamaqla iş həcmləri və qiymətlərinin şişirdilməsi yolu ilə dövlətə məxsus ümumilikdə 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Vüqar Səfərli və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma - külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə - ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilib, Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
 

İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilib, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.


Cinayət işi üzrə Media İnkişaf Agentliyi zərərçəkmiş qismində tanınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin