"Ənvər ailəmizin yeganə oğlu, iki bacının bir qardaşı idi. Vətən savaşı başlayanda hərbi xidmətdə olan Ənvər hədəfi sərrast nişan aldığına görə Xüsusi Təyinatlı Qüvvələrin sırasında qulluq edirdi.
Cəbhəyə də Xüsusi Təyinatlı kimi getmişdi. Füzulidən Şuşaya kimi döyüşüb, oktyabrın 27-də Şuşada ağır döyüşlərin birində snayperlə ürəyindən vurularaq şəhid olub".
Bu sözləri Bizim.Media-ya Qusarın Xürel kəndinin yeganə şəhidi Ənvər Şıxəliyevin anası Kəmalə Şıxəliyeva deyib.
O, yeganə oğlunu itirməyin çox ağır olduğunu desə də Ənvərin Vətən uğrunda şəhid olmasından qürur duyur və təsəlli tapır.
Şəhid anası oğlu ilə sonuncu dəfə oktyabrın 24-də danışdığını bildirib: "Heç vaxt şikayətlənmədi, danışanda "Erməninin axırına çıxmamış hara gəlirəm ki? Qıra-qıra gedirik irəli" deyirdi Ənvər”.
Ənvər Şıxəliyevin doğma Xürel kənd məzarlığında torpağa tapşırılmasının ildönümü günündə kənd sakinləri, ictimaiyyət nümayəndələri, Qusar İH-nin əməkdaşları xatirəsini anıb, məzarını ziyarət edib, ailə üzvlərinə başsağlığı veriblər.
Şəhid Ənvər Şıxəliyev ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 5 döyüş medalına layiq görülüb.
Aytəkin Alxaslı, Bizim.Media