"Rahat uyu, şəhidim, qisasın alındı" - Abakar Hacıyevin əziz xatirəsinə... - FOTO

Hazırda oxunan: "Rahat uyu, şəhidim, qisasın alındı" - Abakar Hacıyevin əziz xatirəsinə... - FOTO

44001

Zaqatalanın Dardoqqaz kənd məzarlığında Qarabağ müharibəsinin 3 şəhidi uyuyur - I Qarabağ müharibəsinin qəhrəman şəhidi Mömin Həsənov və Vətən müharibəsi şəhidləri Mahmud Xudaverdiyev və mayor Abakar Hacıyev. 

Bu gün Vətən Müharibəsində göstərdiyi qəhrəmanlığı ilə, Azərbaycan xalqının yaddaşına əbədi həkk olunan şəhid mayor Abakar Hacıyevi yad edəcəyəm. 

O, Müdafiə Nazirliyinin Qusardakı hərbi hissəsində ideoloji iş və mənəvi-psixoloji təminat üzrə komandir müavini vəzifəsində çalışırdı. Abakar 2017-ci ildə bu vəzifəyə təyin olunmuşdu. Yadımdadır, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun anım mərasimləri zamanı Abakar Hacıyevi lap yaxından tanıdım. O, bütün səyləri ilə anım mərasimini təşkil etmişdi. Bu, onunla yaxından tanış olan hər kəsə bəlli idi. 

27 Sentyabr Vətən müharibəsinin başladığı ilk gün...  

Qusardakı hərbi hissənin şəxsi heyəti və ehtiyatda olan hərbçilər cəbhəyə yola salındı. Abakar Hacıyev də Vətən qarşısında borcunu yerinə yetirmək üçün, vətənin dar günündə bir an belə düşünmədən, sevdikləri ilə vidalaşıb cəbhəyə yola düşür. O, hərbi hissə rəsmilərindən biri olaraq irəlidə gedənlərdən biri olur.

Müharibə getdiyi vaxtlar çox təəssüf ki, Abakarla heç bir əlaqə qura bilmədim. Vətən müharibəsi bizim həm qürur yerimiz, həm də kədərli notlarımızdır. Biz torpaqalarımızı yağı düşməndən təmizləyib, “Dəmir yumruq”la başlarını əzdik. Lakin müharibənin ən ağrılı yeri isə verdiyimiz itkilər oldu. Bu gün qəhrəman igidlərimizin yoxluğu, qəlbimizdə bizimlə əbədi olaraq daşıyacağımız bir yükdür. 

Abakarın şəhidlik zirvəsi... 

Biz 44 günlük savaşda cəsur Azərbaycan igidlərinin də şəhid olması xəbərlərini alırdıq. Qusardan gedən hərbçilərdən şəhid olduğunu bilsəm də Abakarın şəhadəti haqqında noyabrın 25-də xəbər tutdum. Həmin gün hərbçilər və səfərbərlik xəttilə gedən döyüşçülər cəbhədən Qusar hərbi hissəsinə qayıdırdılar. Bütün kənd camaatı cəbhədən qayıdan cəsur döyüşçüləri qarşılamağa hazırlaşırdılar. Hər zaman belə zamanlarda Abakara zəng edib lazım olan məlumatları ondan almağa öyrəşmişdim. Yenə adətim üzrə Abakarın nömrəsini yığmaq istədim. Ancaq bir anlıq fikrimdən döndüm, düşündüm ki, indi Abakarı narahat etməyim. Elə bu səbəblə əvvəl Abakarın yaxın dostu Canəli Hörmətovla danışmaq qərarına gəldim. Telefonda eşitdiyim sözlər isə məni bir anlıq sükuta qərq etdi. Canəlinin dediyi "Abakar artıq bizimlə deyil, o, şəhid olub.

Onun telefonuna bir daha zəng çatmayacaq” sözlərindən sonra başa düşdüm ki, Abakar əbədi olaraq bizim xatirələrimizə köç edib. 

Sonradan öyrənirəm ki, Abakar 2020-ci il oktyabrın 27-də Xocavəndin Qırmızı bazar məntəqəsinin yaxınlığında artilleriya mərmisinin partlaması nəticəsində  şəhid olub. Ailəsi onun ölümünü iki gün sonra oktyabrın 29-da alır və bir gün sonra igid qəhrəman kənd məzarlığında atası Məhəmmədin yanında dəfn edilir. 

Bu xəbərin sarsıntısından bir neçə gün özümə gələ bilmədim. Elə hey xəyallarımda Abakarla söhbət edirdim. Bəzən ona igidliyinə görə əhsən deyirdim, bəzən isə bu dünyadan belə tez köç etdiyinə görə qınayırdım.  

Bir neçə gündən sonra isə qəhrəman mayorun özündən sonra yadigar qoyub getdiyi ailəsi ilə əlaqə qurdum, onlardan çox nigaran idim. Elə hey düşünürdüm, görəsən onlar hər açılan səhərləri Abakarsız necə qarşılayacaqlar?  

Oktyabrın 29-da Abakarın doğulduğu Dardoqqaz kəndində torpağa tapşırılmasından düz bir il ötdü. Bəzən özümə sual verirəm, görəsən bu bir il ailəsinin Abakar həsrətinə məlhəm ola bildimi? Onların həsrətini yuyub apara bildimi? Axı deyirlər zaman ən gözəl dərmandır.  

Abakarın məzarında... 

Həmin gün şəhid mayor Abakarın məzarını ziyarət etməyi özümə bir borc bildim. Yolumu Abakarın əbədi uyuduğu məzarlığa saldım. Gözlərimlə Abakarın məzarını axtarırdım. Bu gün mənim Abakara deyəcəyim sözlər var idi. Məzarı üstə əyilib Abakara pıçıltı ilə ancaq bir kəlmə deyə bildim: “Rahat uyu, şəhidim! Qisasın alındı”...

Hələ ayın əvvəlində Zaqatala səfərimdə Abakar Hacıyevin anası Pirdas xanımla tanış olduqda düşünmüşdüm ki, Abakar kimi igidi yalnız belə Azərbaycan qadınları dünyaya gətirə bilər. Sakit təbiətli qardaşı Arif, Abakarın həsrətini ömrünün sonuna qədər ürəyində daşıyan bacısı Gülnarı, Azərbaycanın sadə bir avar ailəsini - üzü nurlu şəhid anası Pirdas xanımı tanıdım.

Həmin o an Abakarın necə də anasına bənzədiyini anladım. Məgər ki, o, xasiyyətində olan mülayimliyi məhz Pirdas xanımdan götürübmüş... 

İndi Zaqatalanın Dardoqqaz kəndində  həm də Qarabağda qəhrəmancasına şəhid olan üç igidinin xatirəsinə “Şəhid bulağı” axır. Elə bulağın açılışı da Azərbaycan Milli Ordusunda  24 il qulluq edən, Abakar Hacıyevin anım gününə təsadüf etdi. İndi kənd camaatı, şəhidlərin əziz xatirəsini uca tutan hər bir şəxs onları həm də bu bulaqla xatırlayacaqlar. 

Yadıma bir müddət əvvəl Abakarın ailəsi ilə söhbətim düşdü. Abakarın həyat yoldaşı Arzu və üç övladı ilə Qusarda tanış oldum. Abakarın sonbeşiyi 5 yaşlı oğlu Eldar məni o zaman çox kövrəltdi. Yadımdadır, onunla şəkil çəkdirmək istəyən zaman o, bizə etiraz etdi. Uşağa “şəkili ataya yollayacağıq” dedikdə isə o, dərhal foto çəkdirməyə razılıq verdi. Sonradan aldandığını görəndə bizə irad tutaraq “siz mənə yalan dediniz, ata gəlmədi”, - deyə üsyan da etmişdi.  

Çox heyiflər olsun ki, zaman keçdikcə Eldar atasızlığın ağır yükünü daşıdığı çiyinlərinin ağrısında hiss edəcək...   

İndi kənd məzarlığında Qarabağ Müharibəsinin 3 şəhidi uyuyur. I Qarabağ Müharibəsinin qəhrəman şəhidi Mömin Həsənovun və Vətən müharibəsi şəhidləri Mahmud Xudaverdiyev və mayor Abakar Hacıyev... 

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin