BƏHRAM BAĞIRZADƏ: ''O palmanı Bakıda Yuri Qaqarin əkib''

Hazırda oxunan: BƏHRAM BAĞIRZADƏ: ''O palmanı Bakıda Yuri Qaqarin əkib''

4398

Milli brend, hamının sevimlisi Bəhram Bağırzadə müharibə ilə bağlı deyir ki, mən elə ilk gündən Zəfər çalacağımıza inanırdım. Və öz çətirimi götürüb bu yola çıxmışdım, söyləyir. Bəhramın Zəfər Muzeyi ilə bağlı unikal təklifləri də var.

Onun xahişindən sonra Prezidentin tapşırığı ilə hazırlanan Hacı Zeynalabdin Tağıyevin heykəli artıq hazırdır deyir. Heykəl harada qoyulacaq, onu da bilir.

Bəhram Bağırzadənin narahat edən daha bir məsələ də var, deyir nə qədər xahiş edirəm, məlumat verirəm, Qaqarinin Bakıda əkdiyi palma ağaclarına bir dənə lövhə vurmurlar ki, insanlar doğru məlumat alsın. 

Bunların hamısıni bilmək üçün isə Bəhramla müsahibənin özünü oxuyun.

Bu yaxınlarda Əməkdar artist Bəhram Bağırzadənin Azərbaycan dilində "Şuşa uşaqlar üçün" kitabı işıq üzü görüb. Ensiklopediya janrında olan kitabda Azərbaycanın dilbər guşəsi Şuşa haqqında rəngli şəkillərlə birgə ətraflı məlumat verilib.

- İstərdim, uşaqlar üçün çap etdiyiniz kitab haqqında məlumat verəsiniz? Nə zaman çapdan çıxıb, kitabın konsepsiyası nədir? Hansı mahiyyəti daşıyır?

- Vətən müharibəsi başlayan gündən, “Şuşa uşaqlar üçün” kitabını dərc edim. Mən elə ilk gündən Zəfər çalacağımıza inanırdım. Mən bir əsgər kimi Ali Baş Komandanımıza və Müzəffər Ordumuza inanırdım. Belə bir rəvayət var. Bir gün uzun zaman quraqlıq yaşayan kənd sakinləri keşişin yanına gəlirlər. Onlar keşişdən xahiş edirlər ki, yağış yağması üçün Allaha dua etsin. Keşiş onlara bazar günü dua etmək üçün kilsəyə gəlməklərini tapşırır. Vaxt yetişəndə hamı kilsəyə toplaşır. Lakin  bir dua etmək üçün bir uşaq əlində çətir ilə gəlir. O, qəlbən inanır ki, dua etdikdən sonra Allah onlara yağış yağdıracaq.



Həmin bu rəvayətdəki uşaq mənəm. Mən qalib gələcəyimizə hər zaman inanmışam. Elə ilk gündən də mənim çətirim bu kitab oldu. İstədim ki, 30 ildə dünyaya gələn, Qarabağı, Şuşanı görməyən uşaqlar bu kitabdan faydalanıb, ərazilər haqqında məlumatlansınlar.

- Bir kitabınız keçən il Moskvada keçirilən kitab yarmarkasında təqdim olunub və bu da erməniləri ciddi narahat edib. Hətta bir erməni jurnalisti kitabda saxta məlumatların olduğunu sübut etməyə çalışıb.

- Bəli, belə bir hadisə baş verib. Keçən il mənim “İrəvan xanlığı” kitabım Moskvada sərgidə təqdim olunub. Kitab keçən il rus və azərbaycan dillərində çap edilib. Ermənilər onun şəklini çəkib, erməni saytlarında yayımlamışdı. Bundan sonra mən böyük problemlər yaşadım. Onlar mənim sosial şəbəkə hesablarımdan hücuma keçdilər. Ermənilər mənə təhqir və tənqid dolu mesajlar yazırdılar. Buna baxmayaraq, mən öz fəaliyyətimi davam etdirirəm. “Şuşa” kitabım çap edildi. İnşallah, bir neçə müddətə “Qarabağ Azərbaycandır” kitabım da işıq üzü görəcək.



- Bildiyim qədər, kitabdan gələn gəlirlər Azərbaycan Silahlı qüvvələrin fonduna keçirilib?

- Bəli, belə bir niyyətim vardı. Kitabdan gələn gəliri Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna keçirəcəkdim. Düzdür, mən hər zaman qələbəmizə inanırdım, ancaq bunun qısa zamanda 44 gün ərzində baş verəcəyini bilmirdim. Ona görə, əldə olunan vəsaiti fonda köçürməyi çatdıra bilmədim. Zəfərdən sonra qərar verdim ki, bu pulları şəhid ailələrinin hesabına keçirim. İnşallah, yeni ilə qədər bu niyyətimi reallaşdıracam.



Bundan başqa təklif edirəm ki, banklarda şəhid ailələrinin adına xüsusi hesablar açılsın. O hesablar  da şəhidlərin fotoları ilə saytlarda dərc olunsun. İstəyənhər bir insan bu hesablara pul köçürsün. Bu şəhid ailələrinin müəyyən ehtiyaclarını qarşılaya bilər. İslamda zəkat deyilən bir anlayış var, insanlar illik gələn gəlirlərinin müəyyən hissəsini yardım etmək üçün, imkansız ailələrə verirlər.

Mənim zənnimcə, bu pullar şəhid ailələrinə verilsə, yaxşı olar. Hətta, Azərbaycanda fəaliyyət göstərən mobil operatorlar da belə bir təklifim var ki, onlar 2783 nömrəli qısa mesaj tətbiq etsinlər. Avtomatik olaraq, nömrə yığılanda hesabdan 1 manat pul çıxılsın. Bununla da şəhid ailələrinin hesabına vəsait köçürülsün.

- Prezidentin daha bir sərəncamı ilə “Zəfər muzeyi” fəaliyyətə başlayacaq. Siz, bu muzeyi harada açılmasını təklif edərdiniz?

- İstərdim ki, “Zəfər muzeyi” üçün xüsusi böyük park salınsın. Təklif edərdim ki, orada hər şəhidimizin xatirəsinə 2783 ağac əkilsin  və hər ağaca bir şəhidin adı verilsin. Həmin o parkda da muzey fəaliyyət göstərsin. Zəfər muzeyində müharibə zamanı əldə olunan qənimətlər nümayiş olunsun. Hətta orada texnikadan başqa məhv edilən düşmənin yüksək rütbəli və əsgər geyimləri də eksponat kimi göstərilsin. Bundan başqa orada  dayanmadan milli alətlərimizdə tarda, kamançada, balabanda və s. ifa olan həzin musiqilər səslənsin. Bunun fonunda da bütün şəhidlərimizin adları yad edilsin.



- Keçən il Prezidentin incəsənət xadimləri ilə görüşü zamanı Bakıda Zeynalabdin Tağıyevin heykəlini qoymağı təklif etmişdiniz və bu Prezident tərəfindən müsbət qarşılanmışdı. İstədiyinizə nail ola bildiniz?

- Bəli, nail olduq. Cənab Prezident diqqətlə məni dinlədi və öz qərarını verdi. Artıq 8 aydır ki, Hacı Zeynalabdin Tağıyevin heykəli hazırdır. Lakin pandemiyaya və müharibənin başlaması ilə əlaqədar  abidənin açılışı təxirə salınıb. İnşallah, tez bir zamanda Hacının abidəsi qurulacaq.

- Sirr deyilsə, abidə harada yerləşdiriləcək?

- Hacının heykəli İçəri şəhər metrostansiyasının qarşısında, palma ağacının yanında qoyulacaq. Onu da qeyd edim ki, bəlkə çoxları bilmir həmin o palma ağacları 1967-ci ildə Bakı Metropoliteninin açılışında iştirak edən kosmanavt Yuri Qaqarin tərəfindən əkilib. Mən dəfələrlə mediada çıxışlarım zamanı təklif etmişəm ki, insanların məlumatlanması üçün  o ağacların yanında Yuri Qaqarin tərəfindən əkildiyi barədə bir lövhə hazırlansın. Lakin əfsuslar olsun ki, bu təklifim indiyə qədər dəyərləndirilməyib.



-Müsahibəyə görə təşəkkür edirəm.

- Sağ olun!

Vüsalə Balayeva, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin