“Vətəndaşın baş verən hadisələrlə bağlı öz fikirni ifadə etməsi normal qarşılanmalıdır. Lakin təəssüflər olsun ki, Azərbaycanda fikirni ifadə edən vətəndaşlara zor tətbiq olunur”.
Bu sözləri Moderator.az-a açıqlamasında hüquqşünas Namizəd Səfərov bildirib. “Sovetski”də öz mülkiyyət hüququnun müdafiəsinə qalxan şəxslərin həbs edilməsinin yolverilməz olduğunu bildirən ekspert, bunun konstitusiyaya da zidd olduğunu vurğuladı:
“Sovetski” sakinləri öz mülkiyyət hüquqlarını qorumaq üçün dinc etiraz aksiyası keçiriblər. Medianın təqdim etdiyi video materiallardan da görünür ki, insanlar sakit halda öz fikirlərini ifadə edirlər. Lakin bu insanlara qarşı polis zorakılığı tətbiq olunur. Vətəndaşların ərizəsinə cavab verilmədiyi üçün insanlar konstitusiyanın onlara verdiyi hüquqdan istifadə edərək küçəyə çıxır, öz istək və tələblərini səsləndirirlər. Bu zaman isə polis aksiyaya müdaxilə edir. Yaxşı halda aksiya iştirakçılarını 15-30 gün müddətində həbsdə saxlayırlar. Bəzi halda isə onları polisə müqavimət göstərmək adı ilə illərlə həbsə məhkum edirlər. Bununla da digər insanların gözünü qorxutmağa çalışırlar. Bu, yolverilməzdir. Öz haqqını tələb edən insanlarla bu cür davranmaq vətəndaşlarda daha artıq narazılıq formalaşdırır ki, bu da bütün hallarda arzuedilməzdir”.
Seymur Əliyev






























































































