Moderator.az-ın məlumatına görə, vəkil Toğrul Babayev “Media forum”-a deyib ki, martın 27-də göndərilən şikayətdə Avropa Məhkəməsindən Bakı Apelyasiya Məhkəməsinin qərarının ləğvi xahiş olunur: “Azərbaycan hakimiyyəti Avropa Məhkəməsinin Əli İnsanovla bağlı qərarını icra etməyib, Bakı Apelyasiya Məhkəməsi sabiq nazirin işinə ədalətli və obyektiv baxmayıb. Ona görə də Avropa Məhkəməsindən Əli İnsanovun işinə yenidən baxmasını və ədalətsiz məhkəmə qərarını ləğv etməsini xahiş etmişik”.
T.Babayevin sözlərinə görə, Avropa Məhkəməsi ilə yanaşı Avropa Şurasının Nazirlər Komitəsinin sədrinə, Avropa Birliyinin prezidentinə, Avropa Şurasının Nazirlər Komitəsinin üzvü olan ölkələrin Xarici İşlər nazirliklərinə, Avropa Şurasında Avropa Məhkəməsinin qərarlarının icrasına nəzarət edən komitəyə də şikayət ediblər: “Avropa Məhkəməsinin Əli İnsanovla bağlı qərarı icra olunmayıb. Məsələnin Avropa Şurası Nazirlər Komitəsinin iclasına çıxarılmasını xahiş etmişik”.
Vəkil bildirib ki, martın 27-də Bakı İstintaq Təcridxanasında Əli İnsanovla görüşüb: “Əli İnsanovu hələ də cəzaçəkmə müəssisinə köçürməyiblər. Bunun səbəbi bizə məlum deyil. Adətən məhkəmə qərarı alınan kimi məhkumu cəzaçəkmə müəssisəsinə köçürürlər...”.
Novruz bayramı günlərində Əli İnsanovun qardaşları ilə görüşdüyünü deyən vəkil bildirib ki, sabiq nazirin səhhətində heç bir problem yoxdur: “Saxlanma şəraiti normaldır, şikayət etmir”.
Xatırladaq ki, Əli İnsanov 2005-ci ildən həbsdədir. O, korrupsiya ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. 2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi sabiq nazirin ədalətli mühakimə olunmadığı haqda qərar çıxarıb. Həmin qərara əsaslanan Azərbaycan Ali Məhkəməsinin Plenumu Əli İnsanovun işini yenidən baxılması üçün apellyasiya instansiyasına göndərib. 2014-cü ilin fevralında Bakı Apelyasiya Məhkəməsi işə baxılmasını yekunlaşdırıb, Əli İnsanov barəsində çıxarılmış 11 illik həbs qərarı qüvvədə saxlanıb.



































































































