Hamilə qadınlar peyvənd olunmaq İSTƏYİRLƏRMİ? - SORĞU

Hazırda oxunan: Hamilə qadınlar peyvənd olunmaq İSTƏYİRLƏRMİ? - SORĞU

43654

Hamilə qadınlara vaksin vurulması məsələsi yenidən gündəmə gəlib. İctimaiyyətdə peyvəndin risk qrupuna aid təbəqə üçün effektiv olub-olmaması ilə bağlı hələ də fərqli fikirlər formalaşıb.

Bəzi mütəxəssislər hamilə qadınların vaksin vurdurmasını məqbul hesab etmirlər.

Azərbaycanda vaksinasiya prosesinə start veriləndə də hamilə qadınlara peyvənd tövsiyyə edilməmişdi. Amma o dövrdən fərqli olaraq artıq Səhiyyə Nazirliyi bu təbəqədən olan şəxslərin də vaksinasiyasını mümkün sayır.
 

MÖVZU İLƏ BAĞLI:

COVID-19 peyvəndinin hamilələrə mənfi təsiri ola bilər? – Ginekoloqdan suallara CAVAB 


Nazirlik bir sıra ölkələrin, xüsusilə ABŞ, İsrail, Belçika, İtaliya, Böyük Britaniya, Sinqapur, Yaponiya və s-in vaksinasiya təcrübəsini, ÜST-nin, CDC-nin, FDA-nın tövsiyələrini nəzərə alaraq hamiləliyin 12 həftəsindən sonra yazılı razılıq əsasında hamilələrin mRNT Pfizer (“Comirnaty”) vaksini ilə peyvənd olunmalarını tövsiyə edib. 

Maraqlıdır ki, bu ilin aprel ayında Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova mətbuata açıqlamasında peyvəndin  hamilə qadınlara zərərindən danışaraq, hamilələrin vaksinasiyada iştirakını məqbul hesab etməmişdi:

“Hər bir dərmanı hamilə qadına təyin etmək olmaz, çünki bətndəki uşaq çift vasitəsilə anadan qidalanır. Peyvəndlənməyə gəlincə, hamilə qadınlara peyvənd vurmaq olmaz. Bu, təkcə koronavirus peyvəndinə aid deyil, digər peyvəndləri də hamilə qadınlara vurmaq olmaz”.

Maraqlıdır, bəs hamilə qadınların özləri bu vaksinasiyada iştirak etmək istəyirlərmi?

Hamilə jurnalist Gülşən Şərif Bizim.Media-ya açıqlamasında vaksin vurdurmayacağını deyib:
 

“2 aylıq hamilə olandan əks-göstəriş sertifikatı üçün müraciət etmişdim. Artıq 5-ci aya keçmişəm hələ də səs yoxdur. Qurumlar vətəndaşının hüququnu qoruyub diqqət göstərmirsə, vətəndaşın da qurumların qərarına hörmət etməməsi normaldır.


Həm də sağlam insanların bəziləri belə vaksindən sonra ya xəstələnib, ya da ölüb. Vaksinin virusun ən zəif halının olduğunu başa düşürəm. Buna görə də nə özümü, nə də uşağı riskə ata bilmərəm”, deyə bildirib. 

Xətai rayon sakini Samirə Rüstəmova xarici tibbi mənbələrdən aldığı məlumatlara əsaslanaraq, vaksinasiyanın hamilələr üçün riskli tədbir olduğunu qeyd edib:

“5 aylıqdayam. Şükürlər olsun, özüm də uşaq da yaxşıyıq. Pandemiya başlayandan koronavirusa yoluxmamaışam. Mütəmadi həkim qəbulu istisna olmaqla, kontakdan qaçıram. Doğmalarımla belə görüşməyə ehtiya edirəm.

Ilk növbədə mənim üçün əsas dünyaya gələcək körpəmdir ki, onun sağlam gəlişini səbirsizliklə gözləyirəm. Vaksinasiya da getmək fikrində deyiləm. Özümü qoruya bilirəmsə, yad cismi bədənimə daxil edib, körpəmin sağlamlığını riskə ata bilmərəm. Nə qədər tövsiyə olunsa da, orqanizmlər fərqlidir. Bir sözlə ehtiyat edirəm”. 

Müsahibimiz Əsma Çətin hamilə qadınların hər şeyə həssas olduğunu əsas gətirib:
 

“İndi də hamilə qadınların üzərində təcrübədən keçirirlər? Nə bilirlər sabah o peyvənd uşağa əks təsir etməyəcək. İnşallah hamilə xanımlar risk edib vurdurmazlar”.


Hamilə Nərmin Xəlilova da peyvənd olunub - olunmaması ilə bağlı genekoloqu ilə məsləhətləşəcəyini deyib:

“Bu məsələdə tərəddüdüm var. Həkimim nə tövsiyyə etsə, onu edəcəyəm. Bu arada Səhiyyə Nazirliyi də biz hamilələrə peyvəndi tövsiyə edir. Hər halda söhbət sağlam gələcəkdən gedirsə, dövlətimiz bu məsələdə daha ehtiyatlı tərpənir deyə düşünürəm”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin