Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı İsmayıl Vəliyev, RİH-nin keçmiş başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və Tikinti Şöbəsinin müdiri Vüqar Nağıyev, rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun onunla birgə saxlanılan digər vəzifəli şəxslərin məhkəmə iclası davam etdirilir.
Bizim.Media-nın xəbərinə görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Nizami Quliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.
MÖVZU İLƏ BAĞLI:
Sabiq icra başçısının məhkəməsində DOST-un işçiləri DİNDİRİLDİ
Daha sonra dövlət ittihamçısı çıxış edib.
O, İ.Vəliyevin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Proses davam edir. Xatırladaq ki, İsmayıl Vəliyev və digər şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən ötən ilin fevralında həbs edilib.
İstintaq orqanı tərəfindən İsmayıl Vəliyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə - bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı maddəsi ilə ittiham elan edilib.
Bizim.Media