Moderator.az xəbər verir ki, Quba rayonundan millət vəkili seçilmiş Vahid Əhmədov Novruz bayramı günlərində öz seçiciləri ilə Qubada bir sıra maraqlı görüşlərdə və tədbirlərdə olub. Ənənəsinə uyğun olaraq bir çox bayramlarda rayon əhalisi ilə bir yerdə olan millət vəkili ilk olaraq rayonda təşkil olunmuş bayram tədbirlərində yaxından iştirak edib, əhalini bayram münasibəti ilə təbrik edib.
Yaranmış imkandan istifadə edən Vahid Əhmədov hal-hazırda rayonda geniş vüsət almış kənd yollarının təmiri və tikintisi ilə bağlı görülən işlərlə yerində tanış olmaq məqsədi ilə rayonun məsul şəxsləri ilə birgə Dağlı, Küpçal və Üçgün kəndlərində olub. Yerli əhali ilə görüşən millət vəkili Milli Məclisdəki fəaliyyəti ilə bağlı onlara məlumat verib, gələcək planlarından danışıb. Seçki ərəfəsində və sonrakı görüşlərində əhali tərəfindən qaldırılan problemlərin həlli istqamətində atılan addımlardan bəhs edən millət vəkili onların bir çoxunun uğurla həyata keçirildiyini qeyd etmiş, yolun çəkılişi işinin ən vacib suallardan olduğunu,hal-hazırda həyata keçirildiyini görüş iştirakçılarının diqqətinə çatdırmışdır.
Millət vəkilinin növbəti görüşü Rustov və Xanagah kəndlərində olmuşdur.Bu iki kəndi birləşdirən yolun çəkilişi işi ilə tanış olan deputat kənd əhalisinin görülən işlərdən məmunluğunun şahidi olmuşdur.Uzun illər həll olunmayan bu problemin həlli əhali tərəfindən böyük razılıqla qarşılanmışdır. Qeyd etmək lazımdır ki, Quba- Qonaqkənd yolu da yenidən qurulan yollar sırasındadır.Bu yolun kənd camaatı üçün nə qədər vacib olmasını 86 kəndin əhalisinin bu yoldan istifadə etməsi faktı bir daha sübut edir.Ona görə də millət vəkili rayona hər gedişində bu yolun çəkilişi ilə bağlı aparılan işlərlə mütləq yerində tanış olur, öz deputat səlahiyyətlərindən istifadə edərək lazım olan məsələlərin həllində öz köməkliyini göstərir.Bu dəfəki görüş də çox maraqlı olmuş, bir neçə məsələnin yerindəcə həllinə imkan yaratmışdir.

































































































