109 yaşlı tarixi abidəni özəlləşdirən şəxs BƏLLİ OLDU – ÖZƏL ARAŞDIRMA  

Hazırda oxunan: 109 yaşlı tarixi abidəni özəlləşdirən şəxs BƏLLİ OLDU – ÖZƏL ARAŞDIRMA  

43268

Tovuz rayonunda 70 il fəaliyyət göstərən, tarixi 100 ildən əvvələ gedib çıxan və hazırda xarabalığı xatırladan sement istehsalı zavodunun şəxsi mülkiyyətdə olduğunu xəbər vermişdik. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli bu barədə saytımıza məlumat versə də, 109 yaşlı zavodun kimə satıldığından xəbərsiz olduğunu qeyd etmişdi.

Onun sözlərinə görə abidənin bərpası və istifadəsi sahibinin ixtyarındadır. Qanunvericiliyə uyğun olaraq mülkiyyətçi öz vəsaiti hesabına müvafiq dövlət orqanları ilə razılaşdırılmaqla abidənin bərpasını və istismarını həyata keçirə bilər.

Bizim.Media zavodun hazırki sahibini araşdırıb.
 

MÖVZU İLƏ BAĞLI:

109 yaşı olan tarixi abidə şəxsi MÜLKİYYƏTDƏ imiş  – Rəsmi AÇIQLAMA 


Məlum olub ki, sözügedən abidənin yalnız inzibati binası Bünyad Sərdarov adına maşınqayırma zavodunun direktoru Musa Süleymanov tərəfindən özəlləşdirilib. Torpaq sahəsi və qüllə isə taixi abidə olaraq qorunur.

Bu barədə məlumatı sorğusuna cavab olaraq Tovuz rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova verib. 

Maraqlıdır, vaxtilə Azərbaycanın iqtisadi əhəmiyyətində böyük rol oynayan zavodun aqibəti necə olacaq? Yenidən abadlaşdırılması və istismar edilməsi mümkündürmü?

Zavodun sahibi Musa Süleymanov sualımıza “orada istehsalat sahəsi qurulacaq” cavabını verməklə kifayətlənib. Digər sorğularımıza isə susqunluq nümayiş etdirib. 

Məlumat üçün bildirək ki, “Turan” futbol komandasının keçmiş sahibi, oliqarx Musa Süleymanov tikinti biznesində aktiv fəaliyyət göstərən iş adamıdır. O, yollarn tikintisinə dair bir çox tenderləri qazanıb və  yaşayış binalarının tikintisi ilə məşğul olur. Musa Süleymanov 2006-cı ildən indiyədək “Tovuz Xeyriyyə Cəmiyyətinin” sədridir.

Xatırladaq ki, Sovet dönəmində Tovuz sement zavodunun ölkənin iqtisadi inkişafında böyük rolu olub. Lenin mavzoleyi ilə yanaşı Moskva metrosunun tikintisində, Leninqradda (Sankt-Peterburqda) dekorasiya işlərinin görülməsində bu sementdən istifadə olunub.

Dünyanın 40-dan artıq ölkəsinə 7 rəngdə sementdən hazır məhsul göndərildiyi qeyd olunur. Məlumatlara görə, bu sementdən İraqda, Misirdə su bəndlərinin qurulmasında da istifadə olunub. 

Zavod təkcə azərbaycanlıların dolanışıq mənbəyi olmayıb, burada alman, rus, ukrayna və digər millətlərin nümayəndələri də çalışıb.

Onların Tovuzda yaşaması üçün böyük qəsəbə də salınıb ki, indi də rayon sakinləri həmin ərazini “Semzavod” adlandırırlar.

1982-ci ildə isə Tovuz sement zavodunun ekoloji tarazlığı pozduğu “üzə çıxıb” və o bağlanıb. 90-cı illərin əvvəllərində isə zavodun həyətində olan qış və yay mədəniyyət evi, istirahət parkı və digər inzibati binalar sökülüb.


Qülləsi tarixi abidə kimi qeydə alınan zavod hazırda baxımsız durumdadır. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin