Bir zaman adına “Könüllülərin komandiri” dedizdirən oğlan könüllərin komandiri oldu. Tarix qəhrəmanlarını heç vaxt unutmur, onları daş yaddaşına köçürərək orada əbədiləşdirir. Şəhidlik zirvəsi müqəddəs bir yüksəklikdir. Ora ucalan biri, zamanın məngənəsinə düşərək, qovuşduğu zirvədə gündən-günə daha da yüksəlir.
Biz bir millət olaraq, 44 günlük Vətən müharibəsi ilə mərdlik, qormazlıq səhifəsini vərəqlədik. 30 ilə yaxın seperatçı işğalçıların tapdağı altında qalan torpaqlarımız doğma insanların ləpirləri ilə dirçəldi, təmizləndi.
Torpaq həm də bizim beynimizin daxılında qalan qan yaddaşımızdır. Torpaq minlərlə qəhrəmanlarımızın qanı ilə yoğrulan azadlıq ruhumuzdur!
Bu gün haqqında danışacağım Şəki şəhərinin fəxri, qanı ilə, canı ilə qəhrəmanlıq dastanı yazan şəhid Nağıyev Toğruldur.
Toğrulun bir rəqs müəllimi kimi ümidləri, xəyalları çox idi. Dostları ilə birləşib, rəqs məktəbi qurmuşdu. Gələcəkdə özü kimi rəqqaslar yetişdirmək arzusu vardı. Heyif ki, onun bu tumurcuqlanan, qol-budaq ata bilməyən arzuları oktyabrın 14-ü əbədi olaraq qanı ilə yoğrulmuş torpağında dəfn edildi.
Vətəninin dar günündə hamı kimi o da borcunu qaytarmağa tələsirdi. Toğrulu tanıyanlar bilirdi ki, onu evdə saxlamaq olmayacaqdı. Könüllü olaraq ordu sıralarına yazılan Toğrulu, hərbi komissarlığından geri qaytarırlar.
Təsəvvür edin, əsgərlərlə dolu avtobus, Toğrul güc-bəla ilə özünə orada yer tapıb, oturur. Hərbi komissarlıqdan gizli yoxlama var, adları yoxlayırlar, adı çıxmayan Toğrulu avtobusdan düşürürlər. Bu hadisə düz 4 dəfə təkrarlanır, sonda Toğrulun israrları nəticə verir, o, sentyabrın 30-u öz arzusuna çatır.
Şəhidin bu inadkarlığına görə, ona Şəki komissarlığı “Könüllülərin komandiri” adını verirlər.
Oktyabrın 14-ü sonuncu döyüşünə girən Toğrul aldığı qəlpə yarasından ağır yaralanaraq, şəhidlik zirvəsinə ucalır. O, sonuncu rəqsini, “Şəhidlik” rəqsini Vətən səhnəsində oynadı. Bəlkə də bu “Qu quşunun son nəğməsi” kimi əbədiyyətə aparan bir ifa idi.
Çünki zaman gəlir öz dəyirmanında həyatın saniyələrini üyüdür, vaxt yetişir...
Canından çox sevdiyi anasına və bütövlükdə mənsub olduğu millətə qəhrəmanlıq dastanı yazan şəhidim, KÖNÜLLƏRİN KOMANDİRİ!
Rahat uyu, sənin sonuncu ifan TORPAQLARIMIZI və sənin RUHUNU öz azadlığına qovuşdurdu!
Yerin cənnətdir, bilirəm!
Vüsalə Balayeva, Bizim.Media