“İsmayıllı işi” üzrə məhkəmə yekunlaşdı: Martın 17-də təqsirləndirilən şəxslərə hökm oxunacaq - YENİLƏNİB

Hazırda oxunan: “İsmayıllı işi” üzrə məhkəmə yekunlaşdı: Martın 17-də təqsirləndirilən şəxslərə hökm oxunacaq - YENİLƏNİB

42999
"İsmayıllı işi" üzrə məhkəmə prosesi nahar fasiləsindən sonra davam etdirilib. Prosesdə Tofiq Yaqublu son söz söyləyib. Hakim Tofiq Yaqublunun çıxışı zamanı onun sözünü tez-tez kəsib.

Tofiq Yaqublunun çıxışından sonra məhkəmə prosesi sona çatıb. Hakim məhkəmə heyətinin müşavirə otağına getdiyini bildirib.

Əməkdaşımızın verdiyi məlumata görə, məhkəmənin növbəti iclası martın 17-nə təyin olunub. Martın 17-də "İsmayıllı işi" üzrə təqsirləndirilən şəxslərə hökm oxunacağı gözlənilir.

* * * * *
15:16


Martın 11-də Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı işinə görə həbs edilənlərin, o cümlədən, Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublunun və REAL-ın sədri İlqar Məmmədovun növbəti məhkəmə prosesi keçirilib. 

Musavat.com-un prosesi izləyən əməkdaşının verdiyi məlumata görə, məhkəmədə Avropa İttifaqının siyasi məsələlər üzrə məsul təmsilçisi Ovidiu Naftanaila, ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndəsi Steven Qays, həmçinin Müsavat Partiyasının Bakıdan gələn nümayəndələri iştirak ediblər. 

Məhkəmə saat 10:00-a təyin edilsə də, proses gecikmə ilə saat 11-də başlayıb. Tofiq Yaqublu həmişə olduğu kimi, bu prosesə də yaxasında Avromaydanın simvolu ilə gəlib. Məhkəmə prosesi təqsirləndirilən şəxslərin son sözləri ilə davam etdirilib.  

İlk olaraq, təqsirləndirilən Rəşid Məmmədov 4-cü kurs tələbəsi olduğunu, 1 il 2 aydır ki, günahsız yerə həbsdə saxlandığını bildirib. O, haqsız olaraq, 4 ağır maddə ilə suçlandığını, məhkəmədən ədalətli qərar çıxarılmasını və bəraət olunmasını xahiş edib. 

Daha sonra Ceyhun Abbasov, Səxavət Səmədov, Elçin İsmayıllı, Xəyal Şaranov və Şakir Mustafayev son söz söyləyərək, ailə vəziyyətlərinin ağır olduğunu, azyaşlı uşaqlarının olmasını nəzərə alaraq, məhkəmədən onların haqqında ədalətli hökmün çıxarılmasını xahiş ediblər.

Vasif İbrahimov isə yeganə günahının baş verən hadisə haqda jurnalistlərə məlumat verməsi olduğunu deyib: “Müsahibə vermək cinayət sayılır? Mən demişəm ki, İsmayıllıda məmur özbaşınalığı var. Bunu indi də deyirəm, 10 il sonra da deyəcəm. İsmayıllıda sosial müdafiədən pul alan vətəndaş müavinətin ilk 6 aylıq hissəsini Füzuli Ələkbərova verməsə, ala bilmirdi. Mən bunları - həqiqətləri demişəm. Əgər, mənə bunlara görə 9 il iş verirlərsə, qoy, bunu 99 il etsinlər”.

REAL-ın sədri İlqar Məmmədov da məhkəmədə son söz deyib: “Aldığım 8 illik həbs hədəsinə 8 cümlə ilə cavab verəcəm. Həbsimdən 30 il öncə keçmiş ABŞ prezidenti Ronald Reyqan Sovet İttifaqını Şərq İmperiyası adlandırmışdı. Şərq İmperiyası parçalananda bəzi hissələri insana yaraşan dövlətçiliyə qovuşmağı bacardı. Digərləri nisbətən daha kiçik ölçülü şər xanlıqlarına çevrildi. Azərbaycan da bu şər xanlıqlarından biridir. Dünya dövlətləri və ictimai qurumlar bilirlər ki, kimlər və kimin adından məni buradan sağ-salamat çıxmayacağımla hədələyib. Bacararlar da, çünki adından bəlli olduğu kimi şər xanlığı çox pisliklərə qadirdir. Ancaq Cümhuriyyətimizin mənli ya mənsiz bu şər xanlığınızı yenəcəyinə inanıram. ABŞ, Avropa Birliyi və digər ölkələr prosesi 5 ay ərzində 20-dən çox diplomatla izləyib. Onların gələcəyi nəticə mənim üçün daha önəmlidir, nəinki, “Dərvişin Parisi partlatması” ənənəsinə sadiq üslubda hökmün ifası... Hökm deyildiyi kimi çıxarılarsa, 2015, 2018, 2020, 2023 və 2025-ci il seçkilərindən də xaric olunuram. Əgər, Avropa Şurasında üzvlüyünə rəğmən, Avropanın demokratik legitimlik tələbləri Azərbaycana şamil edilməyəcəksə, gənclərimizə bunu indidən açıq-aydın deyin ki, gedib demokratik dəyişikliyin Xruşşov, Den Seo Pin, Həsən Ruhani yoluna çıxsınlar. Mən isə bu mübarizəmdə Azərbaycanı Avropa ölkəsi görməkdə davam edəcəm”.

Son olaraq, söz Tofiq Yaqubluya verilib. Ancaq T.Yaqublunun çıxışının ortasında hakim Rəşid Hüseynov saat 14:30-dək fasilə elan edib.


Musavat.com




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin