İldönümü olan şəhid Əsgər Məmmədovun atası - “Sağ qayıtmayacağını demişdi” - FOTO

Hazırda oxunan: İldönümü olan şəhid Əsgər Məmmədovun atası - “Sağ qayıtmayacağını demişdi” - FOTO

42898

“Ölümündən bir gün əvvəl hər kəslə danışdı. Halallıq istədi. Dedi, bilirəm ki, sağ qayıtmayacağam, şəhid olacağam. Mənə halallıq verin. Bir tək mən son gün onunla danışa bilmədim”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında bu gün ildönümü olan şəhid Əsgər Məmmədovun atası Zaur Məmmədov deyib. O, şəhid oğlu ilə fəxr etdiyini, onunla daim qürurlandığını dilə gətirib.
 

MÖVZU İLƏ BAĞLI:

II Qarabağ Müharibəsinin ilk gününün 8 ŞƏHİDİ – Onları siz də TANIYIN - ÖZƏL -FOTO


Bu gün Əsgər Məmmədovun Cəlilabaddakı evində ildönümü qeyd olunub. Döyüş yoldaşları, doğmaları, hər kəs onun ocağına yığılıb. 

Atanın sözlərinə görə iki oğlu bir qızı var. Vətən savaşında hər iki oğlu iştirak edib və biri şəhid olub:

“Mən hər iki oğlumla fəxr edirəm. Onlarla qürur duyuram ki, xalqın, dövlətin, hamımızın başını ucaltdılar. İki oğlumla yanaşı 3 qardaşım oğlu da 44 günlük Vətən savaşında qəhrəmanlıq nümayiş etdiriblər. Əsgər Cəlilabadda peşə məktəbində təhsil alırdı. Hərbi xidmətə getməsinə 3 ay qalırdı. Baxdı ki, dostları gedir, özü də müracit edib könüllü həqiqi hərbi xidmətə yollandı. Onda hələ müharibə başlamamışdı”.

Əsgər Məmmədov Ağdam, Tərtər və Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Suqovuşanın azad olunması uğrundakı savaşda isə şəhid olub. 

Zaur Məmmədov oğlunun itkisi ilə barışa bilmədiyini söyləsə də, onun şücaətlərini və qəhrəmanlıqlarını xatırlayıb qürurlandığını deyir:

“Əlbəttə ki, valideyn üçün övlad itkisinin nə qədər ağır olduğunu ifadə etmək çətindir. Bunu o ağrını yaşayanlar bilir. Amma mənim oğlum şəhid olub və başımızı göylərə qaldırıb. Bu şərəf mənə onun yoxluğu ilə barışmaq üçün təsəlli verir. Oğlumun timsalında bütün şəhid balalara Allahdan rəhmət diləyirəm”.

Şəhid Məmmədov Əsgər Zaur oğlu 2002-ci ildə Cəlilabad rayonunda dünyaya göz açıb. 2020-ci ildə hərbi xidmətə yollanıb.


Müharibə başlayan gündən döyüşlərə qatılıb. Ötən il oktyabrın 23-də Suqovuşan ərazisində şəhid olub və ata ocağı olan Cəlilabadda dəfn edilib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin