2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olub. Bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanda Nizami ili elan edilib.
Lakin burada maraqlı bir məqam diqqət cəlb edir. Sosial şəbəkələrdə yayılan xəbərlərə görə Nizami Gəncəvinin Gəncədə yerləşən məqbərəsi məhz Nizami ilində təmirə bağlanıb. Onlar qeyd ediblər ki, dəfələrlə yayda ölkəyə turistlərin gəlişi zamanı dahi şairin məqbərərsini qonaqlarına göstərmək istəsələr də arzuları ürəklərində qalıb.
Turistlər qeyd edir ki, bu yaxınlarda yolumuz Gəncəyə düşdüyü zaman məqbərənin həqiqətən də bağlı olduğunun şahidi olduq. Ziyarətçiyə məqbərənin bağlanma səbəbi kimi təmirə dayandırıldığı bildirilib.
Maraqlıdır ki, niyə məhz ölkədə Nizami Gəncəvi ili elan olunanda, ondan nə sonra, nə də ki, əvvəl məqbərədə təmir-bərpa işləri başladılmayıb?
Bununla bağlı dəfələrlə aidiyyatı qurumlarla əlaqə yaratmağa çalışsaq da suallarımıza heç yerdə cavab tapa bilmədik.
Nəhayət ki, bir müddət bundan əvvəl adını açıqlamaq istəməyən şəhər sakini çoxdan gözlənilən xəbər ilə könlümüzü sevindirməyə müvəffəq oldu. Belə ki, təxmini 10 gün əvvəl Nizami Gəncəvi məqbərəsi qapılarını ziyarətçilərinin üzünə açıb. Hazırda məqbərə öz fəaliyyətini qaldığı yerdən davam etdirir.
Məqbərənin tarixi haqqında qısa məlumat
Məqbərə Nizami Gəncəvinin anadan olduğu Gəncə şəhərinin yaxınlığında yerləşir. Məqbərənin yaxınlığında ölməz şairin yaratdığı əsərləri tərənnüm edən tuncdan abidə yerləşir. Nizaminin qəbri üstündə qədimdən ağ əhəng daşından türbə tikilib. İlk türbənin tikintisi 13-14-cü əsrlərə aid edilir.
Arxeoloji qazıntılar zamanı Nizami Gəncəvinin qəbrinin üstündə Arran memarlığı üçün səciyyəvi olmuş çoxrəngli bayır üzlüyü olan sərdabəli qülləvari türbənin ucaldığı müəyyən olub.
Seyyid Əzim Şirvani 1879-cu ildə məhz bu türbəni ziyarət edib. Türbə Mirzə Adıgözəl bəy Qarabaği və Əsgərağa Goraninin təşəbbüsü ilə təmir edilib.
Daha sonra General Yadigarzadə tərəfindən bərpa etdirilib. 1947-ci ildə şairin məzarı üstündə məqbərə ucaldılıb. Məqbərə 1990-1991-ci illərdə yenidən qurulub. Məqbərə Gəncənin girəcəyində yerləşir. Nizami Gəncəvi məqbərəsi kompleksinə qoruq statusu verilib. Kompleks artıq nazirliyin mədəni irsin qorunması şöbəsinin nəzdində olan 18 qoruqdan birinə çevrilib.
Vüsalə Balayeva, Bizim.Media