Məlum olduğu kimi, dünən bir qrup Qarabağ veteran Bakı meri Hacıbala Abutalıbovla görüşüb. Həmin görüşlə bağlı təəssüratını Moderator.az-la bölüşən “Qarabağ Qaziləri» İctimai Birliyinin mətbuat katibi Rey Kərimoğlu müharibə iştirakçıları ilə bağlı gündəmə gətirdikləri problemlərin həll olunacağına ümid etdiyini vurğuladı:
“Bəlli bir müddətdir ki, “Qarabağ qaziləri” İctimai Birliyinin rəhbərləri, Etimad Əsədov başda olmaqla dövlət yetkililəri ilə görüşlər keçirir. Bu görüşlərdə məqsəd Qarabağ qazilərinin probleminin həllinə nail olmaqdır. Yanvarın 15-də baş nazirin müavini Əli Əhmədovla görüşdük. Ona bu sahədəki problemlər haqqında məlumat verdik. Biz onu da mövcud problemlərlə bağlı məlumatlandırdıq. Hansı ki, Zaur Həsənovun intiharı ilə bu problemlər yenidən gündəmə gəlmişdi. Biz bu məsələlərlə bağlı Ə.Əhmədovla geniş müzakirə apardıq. Həmin görüşdə Ə.Əhmədov qeyd etdi ki, dövlətin bu problemləri həll etməyə imkanı var. Həmin vaxtdan dövlət məmurları ilə oxşar görüşlərin keçirilməsi prosesi start götürdü. Bunun ardınca əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla görüşdük. Bu görüşdə də Qarabağ qazi və əlillərinin problemini müzakirə etdik. Yanvarın əvvəllərində isə Azərbaycan prezidenti, ali baş komandan İlham Əliyevə beş xahiş ünvanlamışdıq. Bunlar həlli həqiqətən də mühüm əhəmiyyət kəsb edən məsələlər idi. S.Müslümovla görüşdə çox ciddi nəticələr əldə olundu. Beş məsələnin dördünün həllinin mümkünlüyü vurğulandı və bildirildi ki, bu sahədə işlər başlayacaq. Biz həmin görüşdə işçi qrupunun yaradılmasını təklif etmişdik. Səlim müəllim də bildirdi ki, bunu komissiya şəklində həyata keçirmək olar. Hansı ki, burada QHT-lər və dövlət strukturlarının əməkdaşları təmsil olunacaq. Bu, əlillərin probleminin həlli ilə bağlı işlək bir mexanizm kimi nəzərdə tutulub. S.Müslümovdan sonra səhiyyə nazirinin müavini Elsevər Ağayevlə görüşdük. Bu görüşdə format daha geniş idi. Bu görüşdə Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, Azərbaycan Vətən müharibəsi Veteranlar Birliyinin sədri Füzuli Rzaquliyev və s. iştirak etdi. Bu görüşdə əlillərin səhiyyə ilə bağlı problemləri müzakirə olundu. Məsələnin həlli yolları araşdırıldı. Həmin vaxt paralel olaraq Bakı Şəhər İcra Hakimiyyətinə də müraciət olunmuşdu. Belə bir müraciət həm də müdafiə naziri Zakir Həsənova ünvanlanmışdı.
Bakı meri ilə görüş də Qarabağ veteran və əlillərinin problemlərinin həlli zərurətindən irəli gəlirdi. Hacıbala Abutalıbov çox yüksək səviyyədə qəbul təşkil etdi və biz buna görə ona öz minnətdarlığımızı bildiririk. Bu görüşdə Hacıbala müəllimlə yanaşı qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri və s. yetkililər də iştirak edirdi. Bu, keçirdiyimiz effektli görüşlərdən biri idi. Hazırda bu istiqamətdəki görüşlərimiz davam edir. Bizə verilən məlumata görə cari ilin may ayında parlamentdə Qarabağ əlillərinin problemləri ilə bağlı müzakirələr olacaq. Yəqin ki, Qarabağ əlillərinin həyat şəraitinin yaxşılaşması üçün müvafiq addımlar atılacaq. Bizim bu yöndəki gözləntilərimiz böyükdür”.
Seymur Əliyev



























































































