“O boyda balanı itirəsən, oğul da dünyaya səs sala, necə olaram. Bu 1 ildə çəkdiyim əzabları ifadə edə bilmərəm. Yaşamırıq ki, ölsəm ondan yaxşıdır. Biz şəhid anaları yaşayan ölülərik”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında şəhid Xudayar Yusifzadənin anası Radə Yusifzadə oğlunun ildönümündən danışarkən bildirib.
Onun sözlərinə görə dünən Bərdə Şəhidlər Xiyabanında dəfn olunan Xudayarın məzarını ziyarət ediblər:
“Dünən Xudayarın, Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının kapitanı Aşur Cəmiyevin və gizir Sultan İbrahimovun ildönümü oldu. Onlar bir gündə şəhid olublar. Məzarlarını ziyarət etdik. Balamın uşaqlıqdan indiyədək olan həyatı hər gün kino lenti kimi gözümün önündən keçir. Amma biz Xudayarın ildönümünü sabah qeyd edəcəyik”.
Radə Yusifzadə Xudayarın şəhid olduğu günün həm Müdafiə Nazirliyinin qeydiyyatında, həm də vikipediyada səhv yazıldığına etiraz edib:
“Balam oktyabrın 21-də şəhid olub, 22-də isə dəfn olunub. Amma şəhid olduğu gün səhv yazılıb. Bu gün Müdafiə Nazirliyindən pdf formasında olan fotolarını götürdüm. Orada da şəhid olduğu gün düzgün qeyd edilməyib.Buna düzəliş edilsə yaxşı olar. Bir daha dövlətimizə və xalqımıza təşəkkürümü bildirirəm. Xalq Xudayarla qürur duyur. Bir ana kimi bu, məni sevindirir. Allah hər kəsdən razı olsun. Özüm da daxil olmaqla bütün şəhid analarına dözüm və səbir arzulayıram”, - deyə Xudayarın anası vurğulayıb.
Xudayar Yusifzadə 1998-ci il iyulun 15-də Bərdə şəhərində anadan olub. Xudayar Yusifzadənin doğumundan 24 gün sonra atası, Bərdənin tanınan qarmon ustası Müslüm Yusifoğlu vəfat edib.
Xudayar Yusifzadə 2004-2015-ci illərdə Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil alıb. Subay idi. Vətən müharibəsi zamanı əvvəlcə Füzuli rayonunda sərhəd məntəqəsində xidmət edib, daha sonra isə Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xudayar Yusifzadə oktyabrın 21-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində şəhid olub.
Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Qəhrəmanımız Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda" , "Azərbaycan Bayrağı" ordeni və "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Alçina Amilqızı, Bizim.Media