Kəlbəcərdən Xankəndinə işıq verilir? – Olayın TƏFƏRRÜATLARI  

Hazırda oxunan: Kəlbəcərdən Xankəndinə işıq verilir? – Olayın TƏFƏRRÜATLARI  

42621

44 günlük savaşda Ermənistan üzərində şanlı zəfər çalan Azərbaycan 30 ildir viran qoyulmuş ərazilərimizdə yenidənqurma və bərpa işlərinə tam sürətlə davam edir. Artıq Şərqi Zəngəzur iqtisadi rayonunun ərazisində bir sıra mühüm strateji obyektlərin tikintisinə yekun vurulub.

Bunlardan biri də Kəlbəcər su elektrik stansiyasıdır. Regionun enerji infrastrukturunun önəmli halqasını təşkil edən bu enerji obyekti sosial və iqtisadi əhəmiyyəti ilə yanaşı vacib siyasi əhəmiyyətə də malikdir.

Əvvəlcə, Qarabağ ermənilərinin vəziyyəti barədə...
 

MÖVZU İLƏ BAĞLI:

“Tezliklə Xankəndinə qayıdacağıq”


Azərbaycanın yenidənqurma işlərinin tam sürətlə davam etdiyi bir vaxtda Qarabağın ermənilər yaşayan hissəsindəki vəziyyət günbəgün getdikcə ağırlaşır.

Ələxsus da, son baş verən hadisələrdən sonra Qarabağ ermənilərinin ciddi böhranla qarşı-qarşıya qaldığını rahatlıqla söyləmək olar.

Belə ki, 30 illik işğal dönəmində də səfil həyatı yaşayan və yalnızca diasporun çirkli pulları ilə yaşayışlarını davam etdirən Qarabağ ermənilərinin sosial vəziyyətini getdikcə daha da ağırlaşmasına səbəb olacaq əsas hadisə isə enerji ehtiyaclarını təmin etmək üçün istifadə etdikləri Laçın və Kəlbəcərdə yerləşən stansiyaların artıq Azərbaycanın nəzarətində olmasıdır.
 

Bundan əlavə, İrandan bölgəyə gələn TIR-ların qarşısının Azərbaycan tərəfindən kəsilməsini də xatırlatmaq vacibdir.


Belə ki, Laçın dəhlizindən istifadə edərək Qarabağın ermənilər yaşayan hissəsinə qanunsuz yolla daxil olmasının qarşısı Azərbaycanın Gorus-Qafan yolunu nəzarətə götürməsi ilə tamamilə alındı.

İran yük maşınları Qarabağa daha çox yanacaq daşımaqla məşğul idi. 
 

Önümüzdə isə qış aylarının gəldiyini də hazırki situasiyaya əlavə etdikdə, bölgədəki erməni əhalisi üçün çətin günlərin hələ qabaqda olduğunu aydın şəkildə görmək mümkündür.


Qarabağ erməniləri üçün son nicat yolu

Ümumilikdə isə, proseslərin bu cür inkişaf etməsi ermənilər seçim alternativlərini xeyli azaldıb.

Artıq onların, demək olar ki, iki seçim şansı qalıb:

1. Bölgəni birdəfəlik tərk edib getmək.

2. Azərbaycan vətəndaşı kimi həyatlarına heç vaxt olmadığı qədər yüksək rifah halında davam etmək.

İlk variantın Qarabağ erməniləri üçün xeyli aktual olduğu bəllidir. Belə ki, Vətən Müharibəsi başladığı ilk günlərdən etibarən erməni əhalisi Qarabağı sürətlə tərk etməyə başlamışdılar. Savaşın başlamasından indiyə qədər olan cəmi 1 ilə yaxın müddət ərzində keçmiş “Dağlıq Qarabağ”da yaşayan ermənilərin böyük bir qismi artıq bölgəni tərk edib.

Yerdə qalan ermənilər arasında isə, ikinci variantın ciddi şəkildə müzakirə olunduğu diqqət çəkməkdədir

Belə ki, sosial şəbəkələrin Ermənistan seqmentinə nəzər saldıqda, yazının əvvəlində bəhs etdiyimiz Kəlbəcər SES-dən Xankəndinə enerji verilişinin başlaması ilə bağlı söz-söhbətlərin gəzdiyini görmək mümkündür. Görünən qədərilə, çıxış yollarının tükəndiyini anlayan ermənilər Azərbaycanla inteqrasiyanın tək çarə olduğunu yavaş-yavaş dərk etməyə başlayırlar.

Təbii ki, Azərbaycan tərəfinin bu məsələdə əks mövqe ortaya qoyması inandırıcı görünmür.

Belə ki, istər Prezident İlham Əliyev, istərsə də digər dövlət rəsmiləri çıxışları zamanı Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşları olduqlarını dəfələrlə qeyd ediblər.
 

Bu səbəbdən də, ölkə vətəndaşlarının həyat şəraitini yaxşılaşdırmaq üçün rəsmi Bakı Xankəndinə, eyni zamanda ermənilərin kompakt yaşadığı digər məntəqələrə enerji axımını təmin edə bilər.


Bundan əlavə sözügedən addımın atılması Qarabağda yaşayan ermənilərin Azərbaycandan birbaşa asılılığını da təmin edəcək.

Ümumilikdə isə, hazırki vəziyyət onu deməyə əsas verir ki, bölgədəki əsas təsir “rıçak”ları Azərbaycanın əlindədir və Qarabağda yaşayan ermənilərin bu reallıqla barışmaqdan başqa çıxış yolu yoxdur.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin