Azərbaycanda reklam TV açılır, Reklam Agentliyinin isə XƏBƏRİ yoxdur

Hazırda oxunan: Azərbaycanda reklam TV açılır, Reklam Agentliyinin isə XƏBƏRİ yoxdur

42309

Mətbuatda Azərbaycanda reklam televiziyasının yaradılması və bununla bağlı işlərin aparıldığı haqda məlumat yayılıb. Bu barədə jurnalistlərə açıqlama verən Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov yeni televiziyanın əhəmiyyətindən söz açıb. O, sözügedən telekanalın reklam bazarında baş verən yenilikləri işıqlandıracağını da vurğulayıb. 

Bizim.Media yeni telekanalın fəaliyyəti və əhəmiyyəti ilə bağlı detalları öyrənmək üçün Fərhad Qaraşovla əlaqə yaradıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda yeni telekanal yaradılır


O, məsələ ilə bağlı bizi Azərbaycan Dövlət Reklam Agentliyinə yönləndirib. Qurumun mətbuat katibi Hüseyn Azəri saytımıza açıqlamasında mətbuatın bu məsələni şişirtdiyini və yalnış istiqamətdə yazdığını deyib:

“Mən Fərhad Qaraşovla əlaqə yaratdım. O, belə bir açıqlama vermədiyini dedi. Əslində televiziyanın yaradılması bizim səlahiyyətimizdə deyil. Biz yalnız açıq məkanların reklamlarının yerləşdirilməsi və tənzimlənməsinə nəzarəti həyata keçiririk. O ki qaldı, reklam sahəsini əhatə edəcək televiziyanın yaradılmasına, bu Agentliyin səlahiyyətləri xaricindədir”.
 

Hüseyn Azəri təkrar məsələ ilə əlaqədar Fərhad Qaraşovla əlaqə yaratmalı olduğumuzu söyləyib.


Saytımıza növbəti dəfə geri dönüş edən Fərhad Qaraşov qeyd edib ki, Reklam Agentliyi ilə bu gün həm telefon, həm də üzbəüz görüşləri olacaq:

“Agentlik aidiyyəti üzrə fikirlərini mətbuata bildirəcək. Mən Reklam Agentliyində çalışmıram. Kiçik və Orta Biznesin İnkişafı üzrə Dövlət Agentliyi (KOBİA) yanında İctimai Şuranın sədriyəm. Bizim marağımızdadır ki, kişik və orta biznes subyektlərinin istənilən sahəsində ictimai dinləmələr və müzakirələr olsun. Fərqi yozdur, reklam, turizm, təhsil və s. sahələrdə mövcud vəziyyət, perspektivlər, eləcə də problemlər sahibkarlar tərəfindən səsləndirilsin. Aidiyyəti dövlət qurumları da bunu açıq şəkildə cavablandırsın. Yaxud KOBİA tərəfindən aidiyyəti qurumlara yönləndirilsin və onlar da rəsmi qaydada cavabını alsın. Mətbuata ümumi forum haqqında açıqlama verdim”. 

Reklam televiziyasının açılmasına gəlincə, Fərhad Qaraşov məsələyə baxıldığını deyib:

“Bu gün Reklam Agentliyinə bu barədə bildirdim və mətbuatın maraqlandığını söylədim. Reklam TV üzrə “sizin fikriniz nədir?” – deyə soruşdum. Onlar bildirdilər ki, sabah sözügedən məsələnin detalları ilə bağlı ictimaiyyətə məlumat açıqlanacaq”,- deyə Fərhad Qaraşov əlavə edib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin