Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti artıq Qubada tapılmış naməlum məzarlıq barədə rəsmi prosedurlara başlayıb.
Bizim.Media xəbər verir ki, qurum artıq məzarlığa arxeoloji baxışı keçirilməsi üçün Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna rəsmi müraciət edib.
MÖVZU İLƏ BAĞLI:
Qubada naməlum MƏZARLIQ tapıldı – İnsanlar yandırılaraq quyulara doldurulub – FOTOFAKT - ÖZƏL
Bu barədə dövlət xidmətinin mətbuat katibi Fariz Hüseynli Bizim.Media-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, rəsmi müraciət oktyabrın 15-də səlahiyyətli quruma ünvanlanıb. Lakin AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutundan isə bildiriblər ki, müraciət hələ ki, onlara daxil olmayıb.
Qeyd edək ki, Qubanın İkinci Nügədi kəndində tapılan naməlum məzarlıqda insan sümüklərinin 1918-ci ildə ermənilərin qətlə yetirdiyi dinc sakinlərə məxsus olması ehtimalları səslənir.
Mütəxəssislər isə bildirir ki, bu ehtimalların dəqiqləşdirilməsi üçün xüsusi araşdırma aparmaq lazımdır. Nəzərə alsaq ki, fəsillə bağlı Qubada intensiv yağıntıların başlaması ərazidə tətqiqat-qazıntı işlərinə çətinlik yaradacaq, bu işi bir az öncə həyata keçirilməsinə ehtiyac var.
Aytəkin Alxaslı, Bizim.Media