Fevralın 23-də Niderlandın paytaxtı Amsterdam şəhərində Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı anım konfransı keçirilib. Konfransa çoxmillətli Amsterdam şəhərinin, holland, türk, türkmən, ərəb və azərbaycanlı icmalarının nümayəndələri dəvət edilib.
Demokratik Azərbaycan Hərəkatının media departamentinin verdiyi məlumata görə, tədbirin əsas təşkilatçıları isə Hollanda Türk Gençlik Kuruluşları Federasyonu, Avropadakı İraq Türkmən Cəbhəsi və azərbaycanlı siyasi mühacirlərin təsisçisi olduğu Demokratik Azərbaycan Hərəkatı olub. Konfransda Nederlandda fəaliyyət göstərən aparıcı partiyaların (PvdA, VVD, CDA, SP, D66) Amsterdam şəhəri üzrə təmsilçiləri və millət vəkilliyinə namizədləri də iştirak ediblər. Nederlandın çoxmillətli bir dövlətə çevrildiyini deyən partiya təmsilçiləri qeyd ediblər ki, hər bir toplum barış içində yaşadığı problemləri Nederland və Avropa cəmiyyətinə çatdıra bilərlər. Onlar Qarabağ savaşından təəssüfləndiklərini bildirərək Xocaklı soyqrımının insanlığa qarşı cinayət olduğunu da qeyd ediblər.
İraq Türkmən Cəbhəsinin rəhbəri Əşrəf bəy Qarabağın işğalının və Xocalı soyqırımının bütün türk dilli xalqların faciəsini olduğunu qeyd edərək toplantı iştirakçılarını sayğı duruşuna çağırıb. Bir dəqiqəlik sayğı duruşundan sonra Əşrəf bəy qeyd edib ki, Azərbaycandan gəlmiş insanlar aktiv olmalı, məhz onların dilindən dünyaya Azərbaycan həqiqətləri çatdırılmalıdır. Siyasi mühacir, Azərbaycanlı Siyasi Mühacirlərin Dünya İttifaqının sədri Eldəniz Yusibov Azərbaycanda yaranmış vəziyyətlə bağlı ətraflı məlumat verib. Qeyd edib ki, illərdir aparılan yanlış siyasətin ucbatından Qarabağ və rayonlar hələ də işğaldadır. Eldəniz Yusibov eyni zamamda türk diasporasının Hollandiyadakı öndə gedən nümayəndələrinin Azərbaycandakı proseslərdən öz mənfəəti üçün yararlandıqlarını da bildirib.
Hollanda Türk Gençlik Kuruluşları Federasyonunun başqanı Oğuzhan Kılıç türklərə qarşı soyqrım siyasətinin çoxdan başlanıldığını, hələ 1970-80-ci illərdə erməni terror təşkilatının 42 türk diplomatını qətlə yetirildiyi söylədi. Bunun qarşılığında Türkiyə dövlətindən maddi dəstək alan bəzi diaspora quruluşlarının öz çıxarları naminə erməni soyqırımı iddialarına haqq qazandırmaqdan çəkinmədiklərini bildirdi. Dedi ki, həmin insanlar çox zaman Hrant Dinkin öldürülməsini nümunə gətirirlər. Bu qətli qınadığını deyən Oğuzhan bəy, dedi ki, bir insanın ölümünə acıdıqlarını deyənlər, nədən onlarla diplomatın, yüzlərlə günahsız insanın qətl edilməsini görməzdən gəlirlər. Oğuzhan bəy sonda inandığını bildirdi ki, özgür qurumların çalışmaları nəticəsində sonda Nederland və Avropa cəmiyyətinə əsl həqiqətin nədən ibarət olduğu çatdırılacaq.
Mühacir jurnalist Fikrət Hüseynli isə Xocalı soyqırımının kökünün daha dərinlərdə olduğunu söylədi. Azərbaycanın torpaqlarının zaman-zaman işğala məruz qalmasına nümunə olaraq 1988-ci ildə indi Ermənistan adlandırılan Qərbi Azərbaycandan qaçqın düşdüyünü xatırlatdı. Bildirdi ki, zamanında Xocalı soyqımı barədə həqiqət Avropa ictimaiyyətinə çatdırılmasa, buna hüquqi qiymət verilməsə, ermənilər gec-tez Böyük Ermənistan iddialarını gerçəkləşdirə biləcəklər.
Toplantı iştirakçıları olaylarla bağlı fikir mübadiləsi apardılar. Konfransa iştirak edən DAH aktivləri Kamal Qasımov, Laman Talıbova, Rəşad Sadıqov, Əsəd Qasımov, D66 partiyasından İsa Yusibov, Türk Təhsil Fondunun rəhbəri İsmayıl bəy və digərləri Xocalı və Qarabağ həqiqətlərinin Nederland cəmiyyətinə çatdırılması baxımından çox işlər görülməli olduğunu dedilər.




























































































