Pandemiya səbəbi ilə qarşıdan gələn yeni ili hamının evdə qarşılayacağı kimi gözlənilir. Bayram axşamı təbii ki, hamı evində öz büdcəsinə uyğun süfrə açır. Bəs görəsən ev şəraitində 4-5 nəfərdən ibarət ailənin ortabab bayram süfrəsi hazırlaması üçün nə qədər vəsait lazımdır?
Bizim.Media bayram süfrəsinə daxil olan təamların orta bazar qiymətləri haqqında apardığı kiçik araşdırmanı təqdim edir.
Bugünkü menyumuza daxildir: Paytaxt salatı, dolma, aş və sobada toyuq.
Bundan əlavə süfrənin soyuq qəlyanaltılarını: pomidor, xiyar, göyərti, çörək və meyvə şirələrini də hesabladıq.
Paytaxt salatı (1 kq kartof – 60 qəpik, 300 qr yerkökü – 30 qəpik, 6 ədəd yumurta- 1.50 manat, 670 qr duzlu xiyar – 2.60 manat, 200 qr yaşıl xiyar – 30 qəpik 400 qr mal əti – 5 manat, 1 banka konservləşdirilmiş, göy noxud – 1.90 manat, keşniş, şüyüd,- 40 qəpik, mayonez 200 qr mayonez – 80 qəpik, 330 qr xama – 2.30 manat) bizə 15.70 manata başa gələcək.
Dolma üçünsə biz (500 qr qoyun əti – 6.50 manat, 2-3 dənə soğan- 30 qəpik, 1 dəstə şüyüd, 1 dəstə keşniş, 1 dəstə nanə - 60 qəpik, 150 qr yumru düyü – 40 qəpik, yarpaq – 1.90 manat, qatıq- 1.30 manat)- cəmi 11 manat xərcləməli olacağıq.
Süfrələrin şahı plov üçün isə (1 kq düyü – 3.60 manat, 250 qram şit yağ- 3.80 qəpik, 500 qram ət – 7 manat, 1 kiloqram soğan -95 qəpik, 300 qram təmizlənmiş şabalıq -3 manat, 100 qr alça turşusu – 2 manat, zəfəran 2 qram- 2 manat) – 22 manat 35 qəpik ödəyəcəyik.
Sobada toyuq üçün isə 1 ədəb broyler toyuq alsaq, buna görə, 6-7 manat xərcə düşəcəyik.
Yeməkləri bişirdikdən sonra sıra bayram süfrəsini bəzəməyə gəldi. Yeməkləri bişirmək nə qədər yorucudursa, onları süfrəyə düzüb, qonaqlara düzgün təqdim etmək bir o qədər çətin işdir.
Sizə sadə bir süfrə bəzəmək (pomidor – 500 qram – 80 qəpik, xiyar- 500 qram- 75 qəpik, göyərti ortalama 3-4 dəstə - 60 qəpik, çörək – 1 manat, meyvə şirələri 2-3 qab- 4.65 manat) – 7.80 manata başa gələcək.
Yemək yedikdən sonra süfrələri şirniyyatlar bəzəyir. Buna görə, mağazaya yollanıb orta ölçülü tort alsaq, bu bizə 25-30 manata başa gələcək. Bundan başqa süfrəyə konfet, limon və çay düzsək 10-15 manat xərcə düşməli olacağıq.
Sonda süfrələri bəzəyən meyvəyə keçək. Bunun üçün ən azı bizə alma, armud, banan lazım olacaq. Bəs, bu meyvələr bizə neçəyə başa gələr?
Bazar qiymətlərinə görə, bu bizə (alma – 500 gram – 1 manat, armud – 500 qram – 2 manat, banan – 500 qr – 1.10 manat) 4.10 manata başa gələcək.
Hə, bir də nə qədər ki, unutmamışıq, şampan şərabının da qiymətini bu bazarlığın üstünə əlavə edək, bununçün də götürək, 10 manat.
Bu hesabla, Yeni ili evimizdə, ailəmizlə süfrə başında qeyd etsək biz ümumi bayram süfrəsi üçün 117.85 manat xərcləməli olacağıq.
Aliyə İlyas, Bizim.Media