“Cənab Qaralov, zərərçəkəni nə səbəbdən qəbul etmirsiniz?”

Hazırda oxunan: “Cənab Qaralov, zərərçəkəni nə səbəbdən qəbul etmirsiniz?”

42107


“Başqa əlacım qalmayıb. Prezident Administrasiyasının qarşısında aclığa başlayacağam. Bundan sonra da tədbir görülməsə düşmən ölkəyə müraciət edib sığınacaq istəyəcəyəm”. 
Bu sözləri redaksiyamıza ünvanladığı məktubda 78 yaşlı Əli Hüseynov yazıb. 
Məktub müəllifi qeyd edir ki, 2011-ci ildən, hər ay ümidlərlə prezidentə, ulu öndər Heydər Əliyevin məzarına, Mehriban xanım Əliyevaya, cənab Fuad Ələsgərova, baş prokurora, millət vəkili Elmira Axundovaya, Milli Məclisə, deputat Aytən Mustafayevaya və prezidentin saytındakı elektron ünvanına ərizə yazır.
Ə. Hüseynlinin bir istəyi var: “Oğlum Hüseynli Elşən Əli oğlunu Binəqədi rayon ərazisində 28 dekabr 2010-cu ildə yol polisləri, Az 10 YP 773 saylı maşında xidmət edənlər Ələkbərov Vüqar Çingiz oğlu və Ağayev Azər Əziz oğlu tərəfindən öldürülməsi araşdırılsın”. 
Ə.Hüseynov iddia edir ki, oğlu heç bir yol hərəkəti qaydasını pozmadığı halda, idarə etdiyi maşını yol polisi saxlayıb. Özünün də şahid olduğu hadisəni belə təsvir edir: “...Oğlum onlara yaxınlaşdı. Polis maşınının sağına keçib maşının qapısından içəri əyildi. Aydındır ki, içəridə mübahisə baş vermiş və oğlum qəfil zərbədən arxaya yıxılmışdır. Bu hadisəni yaxınlıqdakı emalatxana işçisi də görmüşdü. Mən oğluma çatanda arxası üstə maşının qabaq qapısı önündə idi. Burnunun üstündə çapıq və gicgahında zədə vardı. Binəqədi tibbi eksperti baxış zamanı bildirdi ki, bu çapıq və zədə təzədir. Küt alətlə vurulubdur. Bu zərbədən beyinə gedən damarlarda tromb alınıb, ürək çatışmazlığı baş verib. Lakin ertəsi gün prokuror Mirələkbər Seyidov, müstəntiq E. Məmmədov və ekspert Z. Hüseynov bu cinayəti açıq-aşkar gizlətdilər. Patoloji Anatomiya Birliyinin direktoru Ş.Musayevin rəhbərliyi altında. Guya oğlum xəstə imiş, dərmanla yaşayırmış. Nə cinayət olan yerə baxış keçirildi, nə də çapığın və zədənin necə alınması araşdırılmadı. Olmayan, şəxsiyyətləri bilinməyən şahidlərdən toplanan izahatlar müstəntiq tərəfindən deyil, polislərin özləri tərəfindən alınıb gətirilib. Prokuror, müstəntiq, ekspert mən aldatdılar”.
Ə.Hüseynov tibbi ekspertizanın cavabı haqda yazır: “Uydurulacaq tibbi rəy isə 27 gün çəkdi. Oğlum ABŞ-ın Azərbaycandakı səfirliyində xidmət edirdi. Səfirliyin göndərişi ilə 22.10.2010-cu ildə Bakı Beynəlxalq SOS-da tibbi müayinədən keçib. Oğlum tam sağlam olub. İşemiya keçirə bilməzdi, çünki işemiya xəstəlikdir... Sağlam adamın işemiya keçirməsinə hələ tibb tarixində rast olunmayıb deyirlər. İşemiya qəfil zərbə və güclü stressdən də baş verə bilər”...
Ə.Hüseynov oğlunun ölümünü araşdırmalı olan qurumlardan şikayətçidir: “Əlaqədar qurumlar isə çapığın və zədənin araşdırılmasında maraqlı deyillər. DİN-də də olmuşam. Orada dedilər ki, bizim elə bir səlahiyyətimiz yoxdur ki, sizə kömək edək. Bu işi yalnız baş prokuror həll edə bilər. Mənim ərizəmi də özümə qaytardılar. İndi də böhtan atırsız, oğlunuz xəstə imiş, araşdırma zamanı şikayətiniz təsdiqini tapmamışdır. Özü də 3 ildən sonra yada düşüb bu”. 

Ə.Hüseynov baş prokurorun qəbuluna düşmək üçün hansı addımlar atdığını da yazır: “2011-ci ildən hər ay cənab Fuad Ələsgərovun qəbulunda oluram. Orada məni baş prokurorun qəbuluna yazırlar. Xüsusi məktubla da gəlməyinə baxmayaraq nə səbəbdənsə qəbul vaxtı məni siyahıdan çıxardırlar. Mənim günahım nədir bilmirəm? Axı mən adam öldürməmişəm? Mənim oğlumu öldürüblər. Cənab Qaralov, mən zərər çəkmişi nə səbəbdən qəbul etmirsiniz? Mən sadəcə oğlumun sifətindəki çapığın və gicgahındakı zədənin araşdırılmasını istəyirəm. Buna mən zərərçəkmişin haqqı çatmır?!... Hörmətli redaksiya sizdən xahiş edirəm bu faciəni mətbuat vasitəsilə baş prokurora çatdırasınız. Cənab Qaralov məni qəbul edə bəlkə”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi Mətbuat Xidməti ilə əlaqə saxladq. Xidmət əməkdaşı Orxan Mansurzadə bildirdi ki, Elşən Hüseynlinin ölümündə DYP əməkdaşlarının günahı olmayıb: “Bunu ekspertizanın rəyi də təsdiqləyib. Bu iddialar əsassızdır. Məsələ DİN və Prokurorluq tərəfindən yoxlanıb. Yoxlama zamanı E.Hüseynlinin öldürülməsini təsdiqləyən ciddi dəlil və sübutlar müəyyən edilməyib”. 
Baş Prokurorluğun Mətbuat Xidmətindən isə sorğumuza cavab ala bilmədik. Buna baxmayaraq Baş Prokurorluğun da mövqeyini dərc etməyə hazırıq. 

musavat.com
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin