Qubada Vətən Müharibəsi şəhidi, Daxili Qoşunların Xüsusi Təyinatlılarının çavuşu Cəlil Mürvət oğlu Xeyrullayevin anım mərasimi keçirilib.
Bizim.Media xatırladır ki, 2020-ci il oktyabr ayının 15-də Füzuli ətrafında gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn Cəlil Xeyrullayev oktyabrın 17-də doğulduğu Qubanın İkinci Nügədi kənd qəbristanlığında torpağa tapşırılıb.
Şəhid çavuşun anım günündə ailə üzvləri, döyüşçü dostları, hərbçilər, Quba İcra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəsmiləri, DİN-in idarə rəisi Əbülfət Rzayev iştirak edib.
MÖVZU İLƏ BAĞLI:
Şəhid baş leytenant Daşdəmir Paşayevin xatirəsi anıldı - VİDEO
Əvvəlcə igid şəhidin məzarı ziyarət edilib. DİN-in Mütəşəkkil Cinayətkarlığa və Banditizmə qarşı Mübarizə İdarəsinin rəisi, general Əbülfət Rzayev və Quba rayon polis şöbəsinin rəisi Mehman Əliyev başda olmaqla polis əməkdaşları şəhid xatirəsini əsgəri təzimlə anaraq məzarı önünə əklil qoyublar.
Quba İH başçısı Ziyəddin Əliyev və diğər rəsmilər Daxili Qoşunların çavuşunun xatirəsini hörmətlə anıb, məzarına tər güllər düzüblər.
Yaşadığı evdə şəhid Cəlil Xeyruĺlayevin anım mərasiminə qatılan rəsmilər və qonaqlar Xeyrullayevlər ailəsinə belə bir cəsur övlad böyütdükləri üçün təşəkkür ediblər.
Qeyd edək ki, xüsusi təyinatlı Cəlil Xeyrullayev subay olub. Ölümündən sonra çavuş Cəlil Xeyrullayev Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Füzulinin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Vətən uğrunda" və "İgidliyə görə" medalları ilə təltif edilib.
Aytəkin Alxaslı, Bizim.Media