Vətən Müharibəsində öz şücaəti ilə tarix yazan əsgərlərdən biri də Qubanın Qırmızı Qəsəbə sakini, 20 yaşlı Daniel Zarbailovdur.
Müharibənin gedişində Müdafiə Nazirliyinin hazırladığı video çarxla məşhurlaşan əsgər Daniel qürur və qətiyyətlə söylədiyi aşağıdakı sözlərilə yadda qalmışdı:
"Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşməkdən qürurluyam.Azərbaycan bizim evimizdir, vətənimizdir. Vətənimiz uğrunda son damla qanıma qədər döyüşəcəm. Erməni təcavüzünü qətiyyətlə qınayırıq.Yaşasın Azərbaycan dövləti! Yaşasın şanlı Azərbaycan Ordusu".
MÖVZU İLƏ BAĞLI:
28 il sonra ilk azanı oxuyan şəxs yenidən Şuşada - VİDEO
Yəhudi əsilli Daniel Zarbailov deyir ki, 2020-ci ilin yanvar ayında Qubadan hərbi xidmətə yollanıb. Vətən Müharibəsi başlayanda Tərtərin yaşayış məntəqələrində əsgər yoldaşları ilə ön xəttdə vuruşaraq birgə tarix yazmağa başlayıb.Tarixi qələbədən sonra hərbi xidmətini davam etdirən Daniel 2021-ci ilin iyul ayında əsgərliyini başa vuraraq Qubaya qayıdıb. Artıq iş-gücünü də qurub.
Hərbçinin sözlərinə görə müharibədən ən yaddaqalan xatirəsi Şuşanın alınmasını eşitmələri olub:
"Səhər saat 4-də bizi yığdılar. Komandirimiz bizə məlumat verdi ki, artıq Şuşanı almışıq. Şuşa yenidən bizimdir. O zaman bizim ürəkdən necə sevindiyimizi və sevinc qışqırığımızı heç unuda bilmirəm. O hisslərimi indi də sözlə ifadə edə bilmirəm".
Yəhudi əsilli qəhrəmanımız indi tarixi qələbənin ildönümü yaxınlaşan bu günlərdə şəhidlərimizi hörmətlə anır, qazilərimizə şəfa arzulayır və böyük qələbədə az da olsa əməyinin olmasından qürur duyur. Axı o sələfi, Azərbaycanın Milli Qəhrəmanı 1-ci Qarabağ müharibəsində tankı ilə erməniyə gözdağı olmuş Albert Aqarunovun vətənsevərliyindən güc alıb.
Aytəkin Alxaslı, Bizim.Media