Şuşadakı modul tipli xəstəxanada hansı xidmətlər göstəriləcək? - FOTO 

Hazırda oxunan: Şuşadakı modul tipli xəstəxanada hansı xidmətlər göstəriləcək? - FOTO 

41600

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova Şuşada yeni quraşdırılan modul tipli xəstəxananın şəraiti ilə tanış olub. 

Bu barədə Bizim.Media-ya Dövlət Agentliyindən məlumat verilib. 

N.Bayramova bildirib ki, ölkə başçısının tapşırığına əsasən istifadəyə verilən Şuşa modul tipli xəstəxana ölkəmizdə səhiyyə infrastrukturunun təkmilləşdirilməsi istiqamətində atılan növbəti addımdır:  

“Xəstəxananın quraşdırılması tibbi xidmətləri əhali üçün əlçatan edir. Vətəndaşlar burada icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz şəkildə yararlana biləcəklər”. 

Nərimanov Tibb Mərkəzinin rəhbəri, Şuşa modul tipli xəstəxanaya təhkim edilən Fazil Alməmmədov bildirib ki, Şuşa modul tipli xəstəxanada yaradılan şərait, müasir tibbi avadanlıqlarla təchizat vətəndaşların müayinə və müalicəsinə xidmət edəcək: 

“Xəstəxana mərkəzləşdirilmiş oksigen generator sistemi ilə təchiz olunub. Əməliyyat və intensiv terapiya otaqlarında, eyni zamanda bütün palatalarda oksigen xətti mövcuddur. Xəstəxanada təcili tibbi yardım, poliklinika, laboratoriya, funksional diaqnostika, anesteziologiya-reanimasiya və stasionar xidmətlər göstəriləcək”. 
 

Xəstəxana funksional diaqnostika otağı portativ rentgenoqrafiya aparatı ilə təmin olunub. Tibb müəssisəsinin laboratoriyasında ümumi və biokimyəvi analizlərin aparılması mümkündür.


Xəstəxanada travmatoloq, ümumi cərrah, kardioloq, revmatoloq, anestezioloq-reanimatoloq, funksional diaqnostika həkimi, orta və kiçik tibb işçiləri, eləcə də qeyri-tibb işçiləri çalışırlar. Hazırda xəstəxanada 9 çarpayı yeri mövcuddur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin