Son 1 həftə ərzində 4 qadın uşaqlarını evdə qoyaraq ailəsini tərk edib.
Bu barədə məlumatı Bizim.Media-ya Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə verib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda boşanmaların sayı açıqlandı
Onun sözlərinə 4 ata ona müraciət edərək, övladlarının sığınacağa yerləşdirilməsini xahiş edib.
“Mənə müraciət edənlərin əsas səbəbi həyat yoldaşlarının naməlum səbəbdən evdə uşaqlarını qoyub çıxıb getmələri ilə bağlıdır. Kişilərin danışıqlarından belə məlum olub ki, qadınlar müxtəlif vaxtlarda onları və övladlarını tərk ediblər. Qadınlardan yalnız biri məktub yazıb ki, “Mən artıq qala bilmirəm, gedirəm. Uşaqların dalınca gələcəyəm”. Yəqin ki, kişilər öz tərəflərindən həyat yoldaşlarını axtarışa veriblər. Ataların 4-ü də övladlarının sığınacağa yerləşdirilməsini istəyib”.
Hüquq müdafiəçisi qeyd edib ki, hər biri müxtəlif bölgədən olan 4 qadın tərəfindən 10 uşaq tərk edilib:
“Bölgələrin adını açıqlamaq istəmirəm. Bu cəmiyyətdə qıcıq yaradır. Birinin 4, digərinin 3, o birilərinin isə hər birinin 2 v 1 övladı tərk edilib. Atalar uşaqlarına baxmaq imkanında olmadıqlarını bildirirlər. Biri himayəsində xəstə valideynlərinin olduğunu və uşaqlar ortalıqda qaldığını deyib. Digərləri isə işdə olduqları üçün uşaqlara baxa bilmədiklərini əsas gətiriblər. Hər birini qeydiyyatda olduqları rayon icra hakimiyyətlərinə yönləndirmişəm ki, uşaqları mümkün olduqca müəssisələrə yerləşdirə bilsinlər. Amma bilirsiz ki, bu, çox hallarda kişilər üçün çətinliklər yaradır”.
Kəmalə Ağazadə övladlarına qarşı biganəlik nümayiş etdirən anaların bu addımından təssüfləndiyini də dilə gətirib:
“Adətən görmüşük ki, atalar biganəlikdən övladlarını tərk edir. İndi isə əksinədir. Bu hal narahatvericidir.
Kişilərin bir neçəsi həyat yoldaşının xəyanətini dilə gətirib ki, müəyyən məqamlardan artıq şübhələnmişdilər. İstənilən halda bütün məsələlərin sivil çözümü var və bunun hüquq mühafizə orqanları, yaxud məhkəmə tərəfindən həlli mümkündür. Bəlkə o qadınlar qorxularından ailələrini tərk ediblər. Çünki onlar da qadın qətllərini eşidib, görürlər. Hər bir halda qadınların bu addımı yalnışdır və bunu başqa cür qiymətləndirmək olmaz”.
Alçina Amilqızı, Bizim.Media