Məktəblərdə KİŞİ müəllim çatışmazlığı - “Münaqişə olmasın deyə gedirlər”

Hazırda oxunan: Məktəblərdə KİŞİ müəllim çatışmazlığı - “Münaqişə olmasın deyə gedirlər”

41462

Azərbaycanda kişi müəlimlərin sayının qadınlara nisbətən az olması məsələsi aktual olaraq qalır. Bu günlərdə sözügedən məsələyə toxunan Təhsil Naziri Emin Əmrullayevin bu barədə açıqlaması müzakirə predmeti olub.

Nazir hesab edir ki, təhsildə qadınların çox olması gələcəkdə problemlər yarada bilər. Bu səbəbdən kişi müəllimlərin sayını artırmaq lazımdır.

Azərbaycanda müəllimlərin məvacibində zaman-zaman artımlar olsa da, bu sahəyə kişi müəllimlərin cəlb edilməsi prosesi zəif gedir. Son illər isə kişi müəllimlərin sayında kəskin azalma var. İş o yerə çatıb ki, paytaxt məktəblərində hətta bədən tərbiyəsini də qadın müəllimələr tədris edirlər. 
 

MÖVZU İLƏ BAĞLI:

“Qızların təhsildən kənarda qalmaması əsas prioritetlərimizdəndir” - NAZİR


Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil eksperti Elşən Qafarov hazırda ölkənin ümumtəhsil müəssisələrində çalışan müəllimlərin 83 faizinin qadın, 27 faizinin isə kişi olduğunu deyib:

“Azərbaycan qadınların pedaqoji sahədə çalışmasına görə qısa müddət ərzində 1-ci yerə gəlib çatıb. 3 il əvvəl ölkəmiz Sloveniya, Slovakiya və Pribaltika ölkələrindən sonra 6-cı yeri tuturdusa, 2019-cu ildə Pribaltika ölkələrini də keçib.

Bu ilin statistikasına görə isə Azərbaycan qadınların təhsildə işləməsinə görə liderlik edir. Şəhər məktəblərində hətta 90 faizdən çox qadın müəllim çalışır. Bölgələrdə azdır deyə ümumi 83 faiz götürülür. Xanımların ictimai həyatda çox olması arzuolunan olsa da, təlim-tərbiyə prosesində kişilərin sayının azlığı mənfi nəticələrə səbəb ola bilər.
 

Nəzərə alsaq ki, Şərq cəmiyyətində yaşayırıq və ailənin başçısı kişidir, təhsil sahəsinə kişilərin cəlb edilməsi mütləqdir. Məktəb də ailə və tərbiyə ocağıdır. Uşaqlar təhsil ocaqlarında ancaq qadın müəllimlərin, evdə isə analarının təsiri altında formalaşır ki, bu da onların xarakterinə təsirsiz ötüşmür”.


Ekspertin fikrincə, kişilərin müəllim kimi çalışmamalarına ilk səbəb məvaciblə bağlıdır:

“Aşağı əməkhaqqı ilə ailəsində olanları təkbaşına dolandırmaq çox çətindir. Bundan əlavə Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarında əsas yer tutmayan fənnlərlə bağlı repititorluq mümkün olmadığına görə o sahədə kişi müəllimlərin sayı çox azdır. Bu gün bir müəllimin bir həftəlik dərs yükü normada 18 saat müəyyən olunur ki, aldığı 450 manat maaşla ailəsini saxlamaq müşkül olur. Halbuki hər hansı marketdə satıcı və yaxud fəhlə işləyən şəxsin maaşı da müəlliminki qədərdir”.

Elşən Qafarovun sözlərinə görə nəinki təhsil, təlim-tərbiyə məsələləri də əsasən xanımların üzərinə atılır:
 

“Kişilər elə hesab edir ki, ailəyə müəyyən qədər dolanışıq gətirməklə işləri bitir. 20-30 il əvvəl məktəblə bütün əlaqələri kişilər, ata və babalar qururdu. İndi isə kişilər məktəb mühitindən uzaqdırlar. Amma kişi cinsinin tərbiyəsi üçün çox önəmli mərhələdir.


Bundan əlavə təhsildən kənar səriştəsiz kadrların məktəb direktoru vəzifələrinə gətirilməsi, qanunkənar fəaiyyət və sərəncamlar verilməsi kimi hallar da kişi müəllimlərin sayının az olmasına səbəb faktorlardandır. Kişi müəllimlər çox hallarda qadınlardan fərqli olaraq qanunsuzluqlara, xoşagəlməz hal və intriqalara dözə bilmirlər. Münaqişə olmasın deyə bu sahədən getməyi üstün tuturlar”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin