Bakıda “Əl Oyunları Sarayı” kimi tanınan “Bakı İdman Sarayı” nın söküləcəyi ilə bağlı informasiyalar yayılıb. Ötən ilin may ayında təmir adı ilə bağlanan idman sarayının daxilində və xaricində söküntü işləri aparılır. Sarayın sökülməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirmək üçün Neftçilər prospektində yerləşən “Əl Oyunları Sarayı”nda olduq.
“Ola bilər bəzi söküntü işləri aparılsın”
Söküntü işlərini həyata keçirən iş icraçılarından “Yeni Müsavat”a verilən məlumata görə, hazırda binanın daxilində və xaricində paralel olaraq söküntü işləri həyata keçirilir. İş icraçısı kimi özünü təqdim edən İmamverdi Məmmədovun sözlərinə görə, sarayın tam sökülməsi ilə bağlı yayılan xəbərlər yanlışdır: “Bilmirik bu xəbəri kim yayıb. Biz burda binanın söküntüsü yox, təmirini həyata keçirik. Tikinti briqadası tapşırılan işi icra edir”.
Tikinti briqadasının rəhbəri bildirdi ki, yeni layihə ilə saray tam yeni və müasir bir görkəm alacaq: “Bakıda böyük meqa layihələr həyata keçirilir. Tikinti üslubuna görə, hər biri müasir və göz oxşayandır. Yeni tikilən xalçaçılıq muzeyi bu binaya yaxın yerləşir. Ona görə də, qərara alındı ki, bina yenidən təmir olunsun. İndi ola bilər, tikintini layihəsinə görə, binanın bəzi yerlərində söküntü işləri aparılsın. Amma, bu binanın tamamilə söküləcəyi anlamına gəlmir”.
Səbail RİH: “Əsaslı təmir aparılır”
Səbail Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, sarayın təmir işləri bir müddət əvvəl başlayıb: “Təmir işlərindən sonra bina müasir görkəm alacaq. Bu işlər Bakıda keçiriləcək Avropa Oyunları 2015-ə hazırlıq işləri çərçivəsində həyata keçirilir”.
Qeyd edək ki, son Bakıda abadlaşdırma adı altında bir sıra binaların əsaslı təmir edilməsi, daha sonra isə sökülməsi geniş hal alıb. Binalarla yanaşı eyni yolların hər il təmir edilməsi də geniş vüsət alıb. Üç-dörd il əvvəl təhvil verilmiş yollar sökülür və yenidən tikilir.
Eyni zamanda bir sıra yeni obyektlərin tikintisinin də uzun illər davam etdiyini görmək olur. Hətta belə obyektlər bir çox halda əvvəlcədən elan edildiyi vaxtdan xeyli gec təhvil verilir. Bütün bu hallar büdcədən böyük vəsaitlərin xərclənməsi hesabına həyata keçirilir və əsas korrupsiya mənbəyi hesab olunur. Sirr deyil ki, hər il dövlət büdcəsinin 40-50 faizinin investisiya layihələrinə və tikinti işlərinə sərf olunur. Abadlıq, söküntü, köçürmək adı altında xərcləmələrin həcmi isə adətən 100 mln manatlarla ölçülür.
Xatırladaq ki, ötən ilin mayında ölkəmizin ev sahibliyi etdiyi “Eurovision” yarışmasına görə bu ərazidə yerləşən köhnə tikililər, eyni zamanda Gəmi Təmiri Zavodu söküldü. Xaricdən gətirilən tikinti materialları ilə 12 milyon manata əsaslı şəkildə təmir olunan idman sarayı beynəlxalq musiqi yarışması ərəfəsində “Euroclub” kimi fəaliyyət göstərməyə başladı. O zaman burada “Eurovision-2012"-nin rəsmi açılış mərasimi keçirilmişdi. Yarışmanın finalına kimi bu sarayda hər gecə müxtəlif əyləncələr təşkil olunurdu.
































































































