Qış gəlməmiş qaz niyə QƏHƏTƏ çıxıb? – “Azəriqaz”dan AÇIQLAMA

Hazırda oxunan: Qış gəlməmiş qaz niyə QƏHƏTƏ çıxıb? – “Azəriqaz”dan AÇIQLAMA

41108

Son bir həftədir ki, paytaxtın bəzi ərazilərində qazın təzyiqi aşağı düşüb. Həmçinin havaların soyuması təbii qaza olan tələbatı artırıb. Mavi qazla bağlı təchizatda problemin yaranması xüsusilə Bakıətrafı qəsəbə sakinlərini çətin duruma salıb. 

Bizim.Media-ya bu barədə şikayətlənən sakinlərin sözlərinə görə qaz təzyiqinin aşağı olması kombi və su qızdırıcılarının işə düşməsinə imkan vermir.
 

MÖVZU İLƏ BAĞLI:

“Azəriqaz” rəhbərindən vətəndaşlara MÜRACİƏT – “Qənaət edin” 


Xüsusən axşam saatlarında suyun qızmasında problem yaranır. Saytımıza problemlə bağlı danışan paytaxtın Suraxanı rayonu Zığ qəsəbəsi, Hatəm Allahverdiyev küçəsində yaşayan sakinlər havalar soyuyandan evlərinə verilən təbii qazın zəif olduğunu bildiriblər. Analoji problem Hövsan qəsəbəsinin özündə və bağ massivində, eləcə də Xətai, Binəqədi rayonlarının bir çox ərazilərində də yaşanır. 

Şikayətçi sakinlər limitin azaldılması ilə qazın təzyiqinin aşağı düşməsini anlaya bilmədiklərini qeyd edirlər:

“Yayda verilmiş bahalaşma qərarı payızın ilk ayından etibarən əhalinin kommunal xərclərini kəskin artırmağa başlayıb. Belə bir sosial-iqtisadi şəraitdə, ölkədə ərzağın və hər bir şeyin qiymətinin sürətlə artdığı bir zamanda güzəştli istehlak limiti 55%-dək azaldılaraq 1200 kubmetrə salınıb. Bununla belə istədiyimiz qazla təmin olunmuruq. Heç olmaya normal qaz verilsin. Yaxşı limitdən də kəsirkən, qazdan da...Bəs, necə yaşayaq?”, - deyə Zığ sakini Şəfiqə Əliyeva qeyd edir. 

Digər şikayətçi Nəcəf Əmirov isə qazancının çoxunu kommunal xidmətlərə ödədiyini deyir:

“Vallah dolanmaq çətindir. Həyət evlərinin yükünü də bilirsiz. Qəribə də olsa, iyulda qaz limitini keçmişik, hazırda kubmetrini 20 qəpikdən ödəyirəm. Hələ qarşıda soyuq aylar var, qazın təzyiqi də çox zəifdir. Neçə gündür, təzyiqin aşağı olması səbəbindən kombi işə düşmür, yaxud bir az işləyəndən sonra sönür. Pulumuz da, canımız da gedir”. 

Qeyd edək ki, bu günlərdə “Azəriqaz” İstehsalat Birliyinin rəhbəri Ruslan Əliyev “Facebook” hesabındakı canlı yayımında qaz təsərrüfatına dair vətəndaşların suallarını cavablandırmışdı.
 

Qurum rəhbərinə ünvanlanan suallar içərisində qazın təzyiqinin aşağı olması və limitin azaldılması məsələsi üstünlük təşkil etmişdi. Ruslan Əliyev vətəndaşların müraciətlərini nəzərə alaraq ərazi üzrə problemlərin həll olunacağını vəd etmişdi. 


Məsələ ilə bağlı Bizim.Media-ya danışan “Azəriqaz” istehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev qazın təzyiqinin aşağı olmasına belə izah verib:

“Bu aylarda həqiqətən də qazın təzyiqi aşağı olur. Hava soyuyanda qaza tələbat artır. Təbii ki, bu zaman qazın təzyiqi azalır. Biz qaza təzyiqi artıranda və bir, yaxud iki gün sonra hava qızanda yüklənən qaza güc düşür. Adətən qışa keçid dövründə belə problemlər olur. Konkret qış rejiminə keçəndə və havalar da mütəmadi soyuq keçən zaman o problem artıq aradan qalxır”.

Qurum rəsmisinin sözlərinə qazın təzyiqi ilə bağlı problem keçici bir prosesdir:

“Kombi və su qızdırıcılarının işə düşməməsi hava şəraitindən asılıdır. Əslində “Azəriqaz” təzyiqi aşağı olan ərazilərdə problemi aradan dərhal aradan qaldırır. Stabilləşmə keçid dövründə normaldır. Yəni kifayət qədər qaz və işçi qüvvəsi var. Sadəcə havanın oynaması problem yaradır”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin