Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Susay-Xınalıq avtomobil yolunun tikintisini davam etdirir.
Bizim.Media xəbər verir ki, bu barədə agentliyin açıqlamasında bildirilir.
Xınalıq kəndinin ölkəmizdə turizm üçün əhəmiyyəti və əhalinin alternativ yolla rahat gediş-gəlişinin təmin edilməsinin vacibliyi baxımından 24 km uzunluğunda Alpan-Kürkün-Susay avtomobil yolunun yenidən qurulması və bu yolun davamı olaraq əlavə 30 km uzunluğunda Susay-Xınalıq, həmçinin sözügedən yoldan 4,8 km məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən yeni avtomobil yolunun tikintisi zərurəti yaranmışdı.
Alpan-Kürkün-Susay avtomobil yolunun tikintisi ötən il yekunlaşdırılıb. Hazırda bu yolun davamı olaraq 30 km uzunluğunda Susay-Xınalıq avtomobil yolunun tikintisi icra olunur.
2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun hərəkət hissəsi 6 metr, çiyinlərin hər birinin eni 2 metr olmaqla torpaq yatağının eni 10 metr təşkil edəcək.
Ümumi uzunluğu 58.8 km təşkil edəcək yeni avtomobil yolunun tikintisi bu ərazidə 8 minə yaxın əhalinin yaşadığı 8 yaşayış məntəqəsini, həmçinin dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən və 5 min illik tarixə malik yaşayış məntəqəsi olan Xınalıq kəndini Quba-Qusar avtomobil yolu ilə birləşdirərək sərnişin və yükdaşımasının xeyli yaxşılaşmasına imkan verəcək.
Bizim.Media