Bədəninin 70 faizi sıradan çıxan qazimizin anasından FƏRYAD - “Gözlərimi oğluma verirəm”

Hazırda oxunan: Bədəninin 70 faizi sıradan çıxan qazimizin anasından FƏRYAD - “Gözlərimi oğluma verirəm”

40875

Daha bir qazimizdən dövlət qurumlarının laqeydliliyi və biganliyi ilə bağlı şikayəti var. 
Söhbət II Qarabağ müharibəsində gözünü qırpmadan düşmənə ağır zərbələr vuran və döyüş yoldaşlarınn “şəhid” bildiyi Cahangir Əliyevdən gedir. Qazimiz 8 nəfərlə Murovdağ istiqamətində ermənilərə qarşı ağır döyüşlərdə fəal iştirak edib.

Həmin vaxt yoldaşlarından 4 nəfər şəhid olub. Yanlarına düşən minomyot 22 yaşlı topçu Cahangir Əliyevi ağır yaralayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bədəninin 20 faizi yanan qaziyə ƏLİLLİK təyinatı niyə verilmir? – Nazirlik AYDINLIQ GƏTİRDİ - VİDEO


Bakıda Mərkəzi Hərbi Klinik Hospitalda yerləşdirilib və 2 ay komada qalıb. Aldığı zərbə nəticəsində beyninin 70%-i zədələnib, xüsusilə sol tərəfdən kəllə sümüyü sınıb, əl barmaqları qopub. Bədənində 250-ya yaxın tikiş var, gözünün biri tam görmür, biri isə 5-10% görür, ayaqları da sıradan çıxıb. Çəliksiz gəzə bilmir, Danışığı , nitqi 99% pozulub. 

Anası Sevda Əliyeva Bizim.Media-ya açıqlamasında oğlunun 1 ildir ki, müharibədə aldığı zərbələrdən əziyyət çəkdiyini və sağlamlığına tam qovuşması üçün problemlərinin çoxluğundan gileylənib:

“Oğlumun bütün bədəni və sifəti yanıb. Əlləri, ayaqları, gözü, qulağı, öd kisəsində ciddi problemlri qalır. YAŞAT Fondu oğlum yaralanandan 3 ay 15 gün sonra bizi Türkiyəyə göndərdi. Orada Cahangir biri plastik olmaqla 4 dəfə əməliyyat olundu və Fond klinikaya 82 min manat pul köçürdü. Oğlumun vəziyyəti elədir ki, ona kompleks və davamlı müalicələr getməlidir. Əvvəlki Cahangirdən əsər-əlamət qalmayıb. Gözəl rəsm qabiliyyəti və vokal səsi var idi. O qədər cəsarətlidir ki, bədəninin 70 faizi zədəli, bir çox nahiyyəsi işləməyən xəstə oğlum bu halından belə şikayətlənmir”. 
 

Qeyd edək ki, dünən sosial şəbəkələrdə Cahangir Əliyevin acınacaqlı durumu ilə bağlı dostları tərəfindən paylaşım edilib.


Ananın sözlərinə görə həmin paylaşımdan sonra evlərinə Ərazi Tibbi Sosial Ekspertiza Komissiyasından, Sumqayıt Rayon İcra Hakimiyyətindən və Dövlət Məşğulluq İdarəsindən nümayəndələr gəlib:

“Halbuki oğlumla 1 ildir ki, maraqlanan yox idi. Üstəlik icra hakimiyyətinin nümayəndəsi deyir ki, bizdə Cahangirin adı yox idi. Görün bunlar necə işləyir? Hər halda hər üç qurumun əməkdaşı söz verdi ki, oğlumun vəziyyəti və ona əlillik təyinatının verilməsində köməklik göstərəcəklər. Bazar ertəsi Müdafiə Nazirlyindən şəhadətnaməsini götürüb, müvafiq orqana təqdim edəcəyik. Artıq ondan sonra məlum olacaq”. 

Ana 6 ay sonra oğlunun təkrar YAŞAT Fondu tərəfindən Türkiyəyə əməliyyata göndəriləcəyini deyib:
 

“Cahangirin bu Fonda möhtac qalmasını istəmirəm. Ona peşəkar həkim ayrılması və kompleks müalicələrin getməsi üçün yardım lazımdır. Oğlumun əllərinin birində 4, digərində 1 barmağı yoxdur.


İstəyirlər ayağından kəsib əllərinə barmaq qoyulsun. Buna isə mən razı deyiləm. Onsuz da bir qolu və bir ayağı işləmir. Öd kisəsində daş var. Həkimlər deyir ki, gözləyək, kəskin ağrı tutandan sonra əməliyyat olunsun. Gözünün biri tamamilə görmür. O hələ gəncdir və həyatı qabaqdadır. Öz gözümü ona verməyə hazıram. Yetər ki, bu əməliyyatı gerçəkləşdirən həkim təyin olunsun. Gözümün qabağında Cahangirim əriyir. Buna dözümüm qalmayıb”, - deyə ana əlavə edib. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin