Tədbir iştirakçıları əvvəlcə abidənin önünə əklil və gül-çiçək dəstələri qoyaraq Xalq Cümhuriyyətinin banilərinin əziz xatirəsini hörmətlə yad ediblər.
Mərasimi giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Respublikası Prezidentinin 22 noyabr 2013-cü il tarixli sərəncamına əsasən Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin ölkəmizdə geniş şəkildə qeyd edildiyini, eyni zamanda qardaş Türkiyədə, soydaşlarımızın yaşadıqları müxtəlif ölkələrdə yubileylə bağlı tədbirlərin keçirildiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, sərəncama uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyi, Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi və digər aidiyyəti qurumların iştirakı ilə tədbirlər planı hazırlanıb və yubileylə bağlı mərasimlər, konfranslar, dəyirmi masalar il ərzində davam edəcək. Bu il Məhəmməd Əmin Rəsulzadənin həyatı və çoxşaxəli fəaliyyəti ilə bağlı yeni kitablar, nəşrlər də işıq üzü görəcək, onun əsərləri çap olunacaq:
"Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, böyük ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadə gənc yaşlarından Azərbaycanın istiqlalı və azadlığı uğrunda çalışmışdır. Biz öz keçmiş tariximizə baxaraq fəxrlə deyə bilərik ki, Rəsulzadə və onun silahdaşları müsəlman Şərqində ilk demokratik dövləti qurmuş, ilk parlamenti yaratmış, bütün vətəndaşlara bərabər hüquqlar vermişlər. Beləliklə, Azərbaycan xalqı müsəlman dünyasına ilk peşəkar teatr, opera, operetta, mədəni intibah bəxş etməklə yanaşı, eyni zamanda ilk demokratik cümhuriyyəti qurdu. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq çox böyük uğurlar qazandı, tariximizdə silinməz izlər qoydu".
Məhəmməd Əmin Rəsulzadənin fəaliyyətindən danışan Əbülfəs Qarayev onun zəngin ədəbi-publisistik yaradıcılığı olduğunu qeyd edib. Bildirib ki, Rəsulzadənin "Əsrimizin Siyavuşu" əsəri müasir Azərbaycanın gələcək inkişafına təsir göstərə biləcək, onun müxtəlif çətinlikləri necə keçməsinə yol göstərəcək kitablardan biridir: "Baxmayaraq ki, 1920-ci ildən sonra Məmməd Əmin Rəsulzadə Azərbaycanda yaşaya bilmədi, amma o, ömrünün sonunadək Azərbaycanla əlaqələri kəsmədi, ölkəmizin azadlığı, istiqlalı uğrunda fədakarcasına çalışdı".
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə Xalq Cümhuriyyətinin tariximizdə xüsusi mərhələ təşkil etdiyini bildirib, bu yolda Məhəmməd Əmin Rəsulzadənin böyük xidmətlər göstərdiyini vurğulayıb. Paytaxtımızda ucaldılan "İstiqlal abidəsi"ni Cümhuriyyətimizi quranların xatirəsinə böyük ehtiramın nümunəsi kimi qiymətləndirib. Rəsulzadənin böyük elmi irsinin olduğunu deyən AMEA prezidenti, alimlərimizin bu zəngin irsin toplanması, tədqiqi və təbliği sahəsində geniş iş apardıqlarını qeyd edib.
Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov Məhəmməd Əmin Rəsulzadənin Azərbaycanın milli dövlətçilik tarixi ilə yanaşı, ədəbiyyatımızda, milli jurnalistikanın inkişafında böyük xidmətləri olduğunu diqqətə çatdırıb. Onun 30-a yaxın mətbu orqanda 1200-dən çox məqaləsi çap olunub. Rəsulzadənin həyat və fəaliyyəti Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə aparmaq, tək amalı Azərbaycana xidmət etmək olub.
Qeyd edək ki, Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyi münasibətilə yanvarın 31-i saat 19-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Dövlət Akademik Milli Dram Teatrında təntənəli yubiley gecəsi keçiriləcək.





























































































