Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolu genişmiqyaslı tikinti işləri aparılır.
Bizim.Media-nın məlumatına görə, 4 yaşayış məntəqəsini birləşdirən yolun ümumi uzunluğu 22 kilometr təşkil edəcək.
Yolun ilk 1.8 km-lik hissəsində artıq asfaltlanma işləri icra olunub. Yolun Talış-Tapqaraqoyunlu hissəsində isə layihəyə uyğun olaraq torpaq yatağı tikintisi icra olunur.
Bunun üçün yararsız qrunt müxtəlif dərinliklərdə qazılaraq çıxarılır, əks-dolğu işləri aparılmaqla kipləşdirilir. Yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt tökülərək yayılır, yol yatağı genişləndirilir.
Qarabağın inkişaf planı nəzərə alınmaqla avtomobil yolunun 19 km-lik hissəsi II, 3 km-lik hissəsi isə IV texniki dərəcəyə uyğun inşa edilir.
Müvafiq olaraq yolun layihə üzrə hərəkət hissəsinin eni 19 km-lik hissədə 9 metr, 3 km-lik hissədə isə 6 metr, torpaq yatağının eni 13 və 10 metr, çiyin hissələrin eni isə 2x2 metr təşkil edəcək.
Tərtərin Talış kəndindən Goranboy rayonunun Tapqaraqoyunlu kəndini keçməklə Naftalan şəhərinə doğru yeni yolun inşası yolboyu yerləşən yaşayış məntəqələrinin sakinlərinin rahat gediş-gəlişini təmin etməklə bərabər bölgənin sosial-iqtisadi inkişafına töhfə verəcək.
Bu yolun istifadəyə verilməsi nəticəsində Tərtər şəhəri ilə yanaşı alternativ olaraq Naftalan şəhərindən də bu istiqamətdə hərəkət etmək mümkün olacaq.
Bizim.Media