Ağstafada evli bacısının sevgilisini güllələməkdə təqsirləndirilən Ramil Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bizim.Media xəbər verir ki, ittihama görə, hadisə bu ilin yanvarın 9-da Ağstafa rayonunun Sadıxlı kəndində qeydə alınıb.
Belə ki, 1991-ci il təvəllüdlü R.Mustafayev şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bacısının sevgilisi Taleh Süleymanovu odlu silahdan atəş açaraq qətlə yetirib, bacısı İlahə Mustafayevi isə öldürməyə cəhd edib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda jurnalisti öldürən şəxsə hökm oxundu
İttihama münasibət bildirən R. Mustafayev özünü təqsirli bilib. Ramil ifadəsində bildirib ki, silahlara xüsusi marağım olduğu üçün qanuni əsaslarla ov tüfəngi əldə edib.
"İki ov tüfəngim olub. Hər ikisini ova gedəndə özümlə maşında aparırdım. Hadisədən də bir neçə gün qabaq ova getmişdim, silahlar maşında qalmışdı”.
R. Mustafayev deyib ki, bacısı İlahə 2013-cü ildə Bakı şəhərində Məhəmməd adlı şəxslə sözlü olub:
“İlahənin Məhəmmədlə ailə qurmasını istəməmişəm. Məhəmməd görünüşü və danışığı ilə mənə qarşı inam yaratmamışdı. Həmin il Məhəmməd əsgərlikdə olduğu müddətdə İlahə sonradan tanıdığı Ağstafa rayon Sadıxlı kənd sakini Taleh adlı şəxsə qoşulub qaçdı.
Bir müddət sonra Məhəmmədlə ailə qurdu. Təxminən 4 il İlahə Məhəmmədlə rəsmi nikahda idi, həmin dövrdə iki azyaşlı uşağı olub. Məhəmmədlə nikahı olduğu dövrdə İlahə yenə Ağstafaya Talehin yanına qoşulub qaçdı. Onlar Ağstafada birlikdə olduğu dövrdə də İlahə Məhəmmədlə nikahda qalıb”.
Təqsirləndirilən şəxs bildirib ki, Talehə zəng edərək bacısının Bakıya gəlməsini üçün icazə verməsini istəyib:
“Telefonda ona dedim ki, İlahəni burax gəlib burda ərindən rəsmi boşansın. Həm bacıma, həm də Talehə qarşı çox qəzəbli idim. 4-5 il qabaq da Talehlə mübahisəm olmuşdu və yumruqla onu vurmuşdum. Talehin atamın üstünə qışqırdığını eşitdim.
O, İlahəni buraxmayacağını, getməyinə icazə verməyəcəyini deyirdi. Söhbətin uzanmağı, atamla yüksək səslə danışması artıq beynimə işlədi.
Maşının arxasından ov silahımı götürdüm, patronları darağa doldurub aşağı düşdüm. Məqsədim Talehi və bütün bu söhbətlərə səbəb olmuş bacımı öldürmək, mübahisəyə son qoymaq idi.
Həyətə girən kimi Taleh və bacım məni gördü. Atam da onların yanında durmuşdu. Atama çəkilməsini dedim. Sonra silahı Talehə tuşlayaraq 2-3 dəfə atəş açdım, güllələrdən ikisi Talehə dəydi. Sonra silahı İlahəyə tuşladım, amma o tez evə girdi.
Arxasınca bir-iki güllə atdım. Sonra evə girərək onu öldürmək istədim. Atam İlahəni də götürüb, arxadan maşına əyləşdi. Bir neçə kilometr getmişdik ki, polis əməkdaşları yolumuzu kəsdi və təslim oldum”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R. Mustafayev 18 il müddətinə azadlıqdan məhrum edilib.
Bizim.Media