Qubanın Zərdabi qəsəbəsində yeni tikilmiş orta məktəb binası bu gün şagird və müəllimlərin istifadəsinə verilib.
Bizim.Media xəbər verir ki, 850 yerlik yeni təhsil müəssisəsi Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə inşa edilib.
Açılış mərasimində Heydər Əliyev Fondunun, Təhsil Nazirliyinin, Quba rayon İcra hakimiyyətinin nümayəndələri, müəllim, şagird və valideynlər iştirak ediblər.
Quba İcra hakimiyyətinin başçısı Ziyəddin Əliyev çıxışında son 4 ildə Qubada 30 yeni məktəb tikildiyini diqqətə çatdırıb.
2004-cü ildən isə Heydər Əliyev Fondunun xəttilə Qubada 19 yeni məktəb binası tikilərək istifadəyə verilib.
Quba rayon təhsil şöbəsinin müdiri Rüfət Hacıyev Bizim.Media-ya açıqlamasında köhnə binanın 1975-ci ildə inşa olunduğunu, son illər 3 mərtəbəli məktəb binasının olduqca qəzalı vəziyyətə düşdüyünü bildirib:
"Sinif otaqlarının divarlarında iri çatlar yaranmışdı, tavan və döşəmələr çürük və yararsız idi. İndi çox məmnunuq ki, belə müasir-içərisində şagirdlərin nümunəvi təhsil alması üçün hər cür şərait olan məktəb binası tikilib istifadəyə verilib”.
Qeyd edək ki, Bayram Şıxamirov adına Zərdabi qəsəbəsində orta məktəbinin köhnə binası o qədər təhlükəli olub ki, döşəməsindən dəfələrlə sinfə ilanlar çıxıb. Bu da şagird və müəllimlərin böyük qorxusuna səbəb olmuşdu.
Aytəkin Alxaslı, Bizim.Media