Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinin direktorunun iş otağında qətlə yetirilməsi ilə bağlı olayın təfərrüatları məlum olub.
Bizim.Media-nın şimal bürosu üzrə əməkdaşı Cümşüd Məmmədovun verdiyi məlumata görə Goranboy Baytarlıq İdarəsinin diaqnostika kabinetinin müdiri Anar Qasımov jurnalistlərə açıqlamasında qətl hadisəsinin necə baş verdiyini danışıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda məmur iş otağında ÖLDÜRÜLDÜ
“Nahar fasiləsi idi. Qəfil yüksək səs eşidildi. Xəbər verildi ki, Ziyad Əhmədovu mühasibi soyuq silahla vurub. Mərkəzdə çalışan işçilər Ziyad müəllimi öz maşınları ilə təcili xəstəxanaya aparıblar. Mən də öz xidməti avtomobilimlə xəstəxanaya getdim. Həkimlərin söylədiyinə görə artıq o, dünyasını dəyişmişdi. Neçə bıçaq zərbəsi vurulduğunu bilmirik. Amma həddindən artıq qan itirmişdi”.
Anar Qasımovun sözlərinə görə Ziyad Əhmədov sakit biri, münaqişəsiz və mehriban şəxs olub:
“Hər səhər işçiləri ilə görüşüb, səmimi hal-əhval tuturdu. Ziyad müəllimi qətlə yetirən mühasib 1 ilə yaxın idi ki, Mərkəzdə işləyirdi. Onun da hansısa mənfi və tərbiyəsiz hərəkətini görməmişik”, - deyə o əlavə edib.
Xatırladaq ki, bu gün səhər saatlarında Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru 1958-ci il təvəllüdlü Əhmədov Ziyad Ələs oğlu iş otağında bıçaqlanaraq qətlə yetirilib. Məmuru iş otağında qətlə yetirən şəxs mühasibi Bağırov Mirhadi Mirtağı oğludur.
Alçina Amilqızı, Bizim.Media