Artıq xeyli müddətdir ki, ölkə sərt karantin rejimindən çıxaraq bir sıra yumşaldılmalara gedib. Toy məclisləri, ardınca kinoteatr və teatrlar, daha sonra həftə sonları ictimai nəqliyyatın fəaliyyəti bərpa olunub.
Son vaxtlar koronavirusa yoluxmada və ölüm sayında azalma müşahidə olunur. Bununla yanaşı gündəlik peyvənd olunanların sayı çoxalıb. Toyların keçirilməsinə müəyyən məhdud çərçivə və peyvənd pasportu ilə icazə verilib. 1 ildən çoxdur qadağası olan yas mərasimləri ilə bağlı məsələ isə açıq qalıb. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən bununla bağlı hələki yekdil qərar və ya fikir yoxdur.
Yas mərasimlərinin keçirilməsinə peyvənd pasportu ilə icazə verilməsi də mümkünsüz görünür. Çünki bunun tətbiqi və nəzarət mexanizmi yoxdur.
Maraqlıdır, bəs yas mərasimlərinin qeyri-rəsmi olsa da, təşkili necə həyata keçməlidir?
Millət vəkili Fazil Mustafa Bizim.Media-ya açıqlamasında fikirlərini belə şərh edib:
MÖVZU İLƏ BAĞLI:
Saxta peyvənd pasportu olanlar aeroportda tutulacaq – Yeni sistem TƏTBİQ OLUNDU
“Vaksin pasportu ilə yas məclislərinə icazə verilməməlidir. Bu toy məclisi deyil ki, ora sayla adam çağırılsın və o saya da əməl olunması tələb olunsun. Yas elədir ki, ora çoxsaylı insanlar gəlir. Yəni gəlirsə, bu, böyük bir problemdir. Belə qalması daha doğrudur. Onsuz da insanlar həyətlərində və evlərində bunu keçirirlər. Bunun məhdud sayda olması virusun yayılmasına daha çox mane ola bilər”.
Deputat hesab edir ki, yas məclisləri ilə bağlı hər hansı addım atmaq təhlükəlidir:
“Yas məclislərinin keçirilməsinə 50 adamın gəlməsi şərtilə icazə verilsə belə, ora 1000 adam gələcək. O zaman nə olacaq? Toyda buna nəzarət etmək olur və konkret dəvətnamə ilə kimi çağırırsansa, o gəlir. Amma yasda bu qaydaya əməl etmək, hətta vaksin pasportu ilə belə olsa, buna nəzarət mexanizmi mümkün deyil”.
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah yas mərasimlərinin keçirilməsi ilə bağlı qadağa qərarını ötən ilin martından etibarən qəbul edib.
Alçina Amilqızı, Bizim.Media